“Şəki və Qaxa dəyən ziyanın da nəzərə alınmasını vacib hesab edirik”.


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, Prezidentin sərəncamı ilə sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün 86 milyon manata qədər vəsait ayrılıb və bu, mövcud problemlərin həlli baxımından mühüm əhəmiyyət daşıyır.


 


Deputat qeyd edib ki, aprel ayında ayrılan vəsaitdən sonra may ayında yağan intensiv yağışlar fəsadların coğrafiyasını daha da genişləndirib. Onun sözlərinə görə, Şəki-Zaqatala zonasında, xüsusilə Şəki və Qax rayonlarında ciddi ziyan qeydə alınıb.


 


Əli Məsimli vurğulayıb ki, Şəkinin Qumux, Kiş və Baş Layısqı kəndlərinə sel ciddi zərər vurub, iki körpü sel suları tərəfindən dağıdılıb. Qaxın Zəyəm, Cəlayir və Qarabağlı kəndlərində isə təsərrüfatlara, taxıl sahələrinə və digər kənd təsərrüfatı məhsullarına ziyan dəyib.


 


Deputat Aqrar Sığortanın fəaliyyətini müsbət qiymətləndirsə də, dəyən ziyanın həcminin daha geniş maliyyə dəstəyinə ehtiyac yaratdığını bildirib. O, sığorta mexanizmlərinin təkmilləşdirilməsinin və əlavə vəsaitlərin bu istiqamətə yönəldilməsinin vacib olduğunu qeyd edib. Əli Məsimli əlavə edib ki, yerli qurumlar problemlərin həlli istiqamətində mühüm işlər görsələr də, körpülərin uçması kimi iri infrastruktur problemlərinin aradan qaldırılması üçün mərkəzləşdirilmiş qaydada əlavə vəsait ayrılmalıdır.


 


Qeyd edək ki, son aylarda Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan iqtisadi rayonlarında, həmçinin Şamaxı, Qəbələ, İsmayıllı və Qax rayonlarında dolu və sel hadisələri təsərrüfatlara əhəmiyyətli zərər vurub.


 


Firuzə Əliyeva


Sfera.az