“Sürücü bu gün sistemdə bütün mümkün balların yalnız 22 faizini toplamaqla sürücülük hüququnu itirir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Kamal Cəfərov deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsi 2016-cı il 1 mart tarixindən qüvvədədir və həmin vaxt balla qiymətləndirilən inzibati xətaların sayı 14, ümumi bal sistemi isə 54 olub.
Deputat qeyd edib ki, 2016-cı ildə sürücülər 20 bal topladıqda 6 ay müddətinə sürücülük hüququnu itirirdilər və bu göstərici o dövrün şərtlərinə uyğun idi.
Kamal Cəfərovun sözlərinə görə, son 10 ildə yol hərəkəti qaydalarında və mikromobilliklə bağlı hüquqi dəyişikliklər nəticəsində balla qiymətləndirilən inzibati xətaların sayı 14-dən 27-yə, ümumi bal həcmi isə 54-dən 91-ə yüksəlib. Deputat bildirib ki, bu dəyişikliklər fonunda sürücülərin xəta etmə riski artıb, lakin mövcud 20 ballıq limit dəyişməyib:
“Və nəzərə alsaq ki, həmin orijinal 37 faizli nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır”.
Kamal Cəfərov vurğulayıb ki, cəzanın çəkindirici qüvvəsini qorumaqla yanaşı, mütənasibliyin təmin edilməsi üçün limitin 30 bala qaldırılması daha məqsədəuyğundur. O, həmçinin risk daşımayan və infrastruktur xarakterli pozuntulara görə yalnız cərimə tətbiq edilməsini təklif edib.
Deputat əlavə edib ki, bu sahədə vahid yanaşma formalaşdırılmalı, aidiyyəti qurumlar tərəfindən təhlillər aparılmalı və yeni təkliflər hazırlanmalıdır. “Bu təkcə limit məsələsi deyil, yeni yanaşma lazımdır”,–Kamal Cəfərov qeyd edib.
Firuzə Əliyeva
Sfera.az