Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 3 ildə Azərbaycanda ən çox boşanma halları 10 ilə 19 il arasında nikahda olan şəxslər arasında baş verib. Məsələn, 2025-ci ildə ölkədə 20 675 boşanma qeydə alınıb ki, bunların da 7 354-ü 10–19 il, 5 795-i beş ilə qədər, 4 845-i 5–9 il, 2 681-i isə 20 ildən çox davam edən evliliklərin payına düşür.


 


Maraqlıdır, niyə boşanmaların daha çox hissəsi 10–19 il nikahda olan şəxslər arasında baş verir?




Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Sfera.az-a açıqlama verib. 




Onun sözlərinə əsasən, bu hal heç də təsadüfi deyil: 


 


“Bu, ümumiyyətlə, son dövrlərdə dünyada özünü göstərən xüsusi bir tendensiyadır. Burada təşəbbüsün qadından, yoxsa kişidən gəlməsi məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Adətən, belə təşəbbüslər bərabər səviyyədə olur və tərəflər belə qərar qəbul edirlərsə, bu, gerçəkdən ailə böhranı ilə bağlı olur. Amma şərti olaraq ayrılıb müəyyən sosial güzəştlərdən yararlanmaq istəyənlər, eləcə də ailə həyatında gördükləri kəskinlikləri bu yolla aradan qaldırmağa çalışanlar da var. Adətən, təbii ki, bu insanlar 20 ilə yaxın müddətdə bir yerdə ailə büdcəsini idarə ediblər. Uşaqların böyüdülməsi, ailə təsərrüfatı, ailə öhdəlikləri, birgə karyera, birgə inkişaf və ümumi mövcudluq məsələləri həyatın ən fəal və intensiv dövrünü əhatə edir. Lakin uzunmüddətli stres, gərginlik, məişət problemləri, ünsiyyət çatışmazlığı, texnologiyalardan getdikcə artan asılılıq və kənar təsirlər nəticəsində zamanla yığılan müxtəlif narazılıqlar istər-istəməz tərəflərin münasibətlərinə mənfi təsir göstərə bilir. Digər tərəfdən isə nikahın ilkin illərində yaşanan bəzi problemlər sonrakı uzunmüddətli prosesdə ailənin gələcəyinə və perspektivinə ciddi mənfi təsir göstərə bilir. Uzun sürən nikahın boşanma ilə nəticələnməsi Azərbaycan cəmiyyəti üçün kifayət qədər üzücü məsələdir. Bu onu göstərir ki, Azərbaycan cəmiyyətində ailə münasibətləri düşündüyümüz qədər hamar deyil, müəyyən gərginliklər və problemlər mövcuddur. Əgər insanlar əvvəllər bu problemləri sakit və qapalı müstəvidə həll etməyə çalışırdılarsa, indi daha çox sivil qaydada ayrılmağa və ya münaqişələrin həlli fonneath fərdi azadlıq fenomenini nümayiş etdirməyə cəhd göstərirlər”.    


 





Ekspertin fikrincə, bu, bir tərəfdən bəzi pozitiv çalarlarla diqqəti çəkə bilər, amma ümumilikdə mənfi tendensiya kimi qiymətləndirilməlidir: 


 


“Sosial və emosional baxımdan, həmçinin ailə bütövlüyü nöqteyi-nəzərindən tərəflər arasında məsafənin artmasının əyani göstəricisidir. Burada ailə quran tərəflərdən – qadın və kişilərdən söhbət gedir. Uşaqlar müəyyən yaş həddinə çatdıqdan sonra tələbatlar və münasibətlərin xüsusiyyətləri də dəyişir. Qeyd edilən rəqəmlər kifayət qədər ciddi rəqəmdir, amma bunu həddindən artıq şişirtmək də doğru olmaz. Bununla belə, belə bir göstərici varsa, onun üzərində ciddi şəkildə düşünməyə dəyər. Etiraf etmək lazımdır ki, sosial müavinətlərdən faydalanmaq məqsədilə formal olaraq ayrılıb birgə həyatını davam etdirənlər də kifayət qədərdir. Düzdür, bu cür manipulyativ yanaşmalar həmişə alqışlanmır, amma bundan istifadə edənlər az deyil və bu faktı da diqqətdən qaçırmaq olmaz. Digər tərəfdən, müasir dövrdə insanlar şəxsi xoşbəxtliklərini daha çox fərdi rahatlıq və yetkinlikdə görürlər. Xüsusən yaş artdıqca müstəqil olmaq, daha çox psixoloji rahatlıq hiss etmək, kənar təsirlərdən və təzyiqlərdən uzaq olmaq istəyi həm qadınlarda, həm də kişilərdə artır. Təbii ki, bəzi insanlar müəyyən mənada xoş münasibətlə və qarşılıqlı anlayışla ayrıla bilirlər. Amma əksər hallarda belə boşanma qərarları konfliktli və problemli olur. Çünki uzun illər davam edən münasibəti birdən-birə kəsib atmaq və münasibətləri tam sıfırlamaq mümkün deyil. Övladlar, yaxın qohumlar və uzun müddət bu şəxsləri bir yerdə xoşbəxt görməyə alışmış yaxın çevrənin münasibəti və qınağı da boşanmadan sonra böhranı daha da dərinləşdirə bilir. Sosioloji baxımdan yanaşdıqda isə bu, ailə institutunun və dəyərlərin müəyyən mənada transformasiyasını, ailədaxili münasibətlərin artıq rəqəmsallaşan sosial-iqtisadi və psixoloji şərtlərin təsiri altında formalaşdığını göstərən bir faktordur. Bu baxımdan ailə məsləhət xidmətlərinin və psixoloji dəstək mexanizmlərinin mahiyyəti və məzmunu dəyişməlidir. Artıq bunun zamanı çoxdan çatıb. Ailə institutunun qorunub saxlanılması, möhkəmləndirilməsi və ailədaxili ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsi baxımından preventiv həll modellərinə, xüsusi tədbirlərə və sosial proqramlara ciddi ehtiyac duyulur. Biz bunu həmişə vurğuluyaırıq. Amma digər tərəfdən, ailə psixoloqları ilə yanaşı, ailə sosioloqlarının da görəcəyi işlər kifayət qədərdir. Bu, təkcə psixoloqun həll edə biləgəyi məsələ deyil. Sosial işçilər, psixoloqlar, sosioloqlar, ailə problemləri ilə peşəkar səviyyədə məşğul olan mediatorlar və hüquqşünaslar birlikdə çalışaraq problemin həll modelini tapa bilərlər. Əks halda, uzlaşma olmadıqda fərqli, toqquşan və yarımçıq tövsiyələr problemi daha da kəskinləşdirir və dərinləşdirir”.




Bəsti Rəfizadə

Sfera.az