Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri elan olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib. Dördpendirli pizza
Bakalavrlar müsabiqənin nəticələri barədə məlumatı mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni "7727" nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerləri üzrə keçirilən müsabiqədə iştirak etmək üçün 1 457 bakalavr müraciət edib. Müsabiqənin nəticələrinə əsasən, onlardan 508 nəfər, o cümlədən 82 nəfər dövlət sifarişi əsasında magistraturaya qəbul olunub.
Qəbul olunan bakalavrların siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları "Magistr" jurnalının 7-ci sayında dərc ediləcək.
Jurnalın elektron versiyasını (PDF formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsindəki "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə abiturient.az saytından əldə etmək mümkün olacaq.
Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib.
Qeydiyyat sentyabrın 3-də saat 15:00-da başlayacaq və sentyabrın 9-u saat 18:00-da başa çatacaq.
Qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Telegram kanalımız