“Dünyanın ən yaxşı sığınacağı belə valideyn ocağının istiliyini, ailə sevgisini və doğmalıq hissini əvəz edə bilmir”.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqlarla bağlı paylaşımında bildirib.
O, sosial media hesabında uşaqların sığındığı bir məkanda olduğunu bildirərək onların gözlərində ümid, sevgiyə ehtiyac və gələcəyə inam gördüyünü qeyd edib:
“Sığınacaqlar vacibdir, uşaq evləri lazımdır, qayğı mərkəzləri əhəmiyyətlidir. Amma dünyanın ən yaxşı sığınacağı belə valideyn ocağının istiliyini, ailə sevgisini və doğmalıq hissini əvəz edə bilmir. Hər bir uşağın ailədə böyümək, sevgi ilə əhatə olunmaq, dinlənilmək və dəyər görmək hüququ var. Cəmiyyət olaraq uşaqlara münasibətdə daha həssas olmalı, onların həyatında yarımçıq qalan heç bir sevgi, diqqət və qayğının olmaması üçün birlikdə çalışmalıyıq”.
Paylaşımın sonunda isə uşaqların gələcəyin təməli olduğunu vurğulayan Səbinə Əliyeva bildirib ki, bu gün qorunan hər bir uşaq sabahın layiqli vətəndaşıdır.