Müasir dünyada eynicinsli cütlüklərin uşaq övladlığa götürməsi qlobal miqyasda genişlənən və aktiv müzakirə olunan mövzulardan biridir. Bir çox Avropa ölkəsində həm qadın, həm də kişi cütlüklərə qanunla himayədar valideyn olmaq hüququ tanınır. Azərbaycanda isə qanunvericilik eynicinsli nikahları qəbul etmir. Bununla belə, bu növ münasibətdə olan şəxslərin rəsmi qeydiyyatsız, yəni vətəndaş nikahı ilə birgə yaşaması reallıq olaraq qalır.
Bu vəziyyət isə hüquqi bir sual doğurur: ölkəmizdə bu şəxslərin övlad sahibi olması qanunən mümkündürmü?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz:
“Azərbaycan Respublikası ailə məcəlləsinə əsasən övladlığa götürmə hüququ ilə bağlı əsas tələblərdən biri bir uşağın yalnız ər-arvad və ya tək şəxs tərəfindən övladlığa götürülə bilməsidir. Yəni aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürülməsinə yol verilmir. Bu eyni cinsli şəxslərin birlikdə övladlığa uşaq götürməsini də əhatə edir. Çünki Azərbaycan Respublikasında eyni cinsli nikahlar tanınmır və belə şəxslər nikahda olan ər-arvad statusuna malik deyillər. Buna görə də iki qadın birlikdə eyni uşağı övladlığa götürə bilməz”.
Vəkil bildirib ki, hər iki qadın və ya hər iki kişi ayrı-ayrılıqda tək şəxs kimi övladlığa götürmək üçün müraciət edə bilər, lakin birlikdə bu hüquq verilmir.
Bəsti Rəfizadə
Sfera.az