Zəngilan rayonu işğaldan azad edildikdən sonra Şərqi Zəngəzur iqtisadi rayonunun ən mühüm nəqliyyat, loqistika və ekoloji innovasiya mərkəzlərindən birinə çevrilib. Rayonun kompleks yenidənqurma işləri 2021-ci ildə təsdiqlənən və 2040-cı ilə qədər olan dövrü əgatə edən Baş Plan əsasında həyata keçirilir. Bu plana əsasən, Zəngilan şəhərinin inzibati sahəsi 502 hektar təşkil edəcək və burada ilkin mərhələdə 4100 nəfər, perspektivdə isə 16 000 nəfərə yaxın əhalinin məskunlaşması təmin olunacaq.
Regionun ən strateji və qlobal əhəmiyyətli obyekti olan, 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağına malik, hər növ ağır karqo təyyarələrini qəbul edə bilən Zəngilan Beynəlxalq Hava Limanı cəmi 1,5 ilə tikilərək 2022-ci il oktyabrın 20-də istifadəyə verilib.
"Böyük Qayıdış" proqramının ilk tarixi pilot layihəsi olan Ağalı "Ağıllı kənd"ində hazırda 175-dən çox ailə (təxminən 900-ə yaxın sakin) daimi və təhlükəsiz şəraitdə məskunlaşıb. Bu kənddə ekoloji təmiz alternativ enerji sistemləri, 200 yerlik müasir məktəb, 60 yerlik uşaq bağçası, tibb məntəqəsi və "Ağıllı İdarəetmə Mərkəzi" fəaliyyət göstərir. Pepperoni pizza
Rayonun iqtisadi dirçəlişinin və məşğulluğunun əsas hərəkətverici qüvvəsi olan 6000 hektar ərazini əhatə edən "Dost Aqropark" kənd təsərrüfatı kompleksinin birinci mərhələsi uğurla tamamlanıb; bura 10 000 baş cins qaramalın gətirilməsi və ümumilikdə 500 nəfərlik daimi iş yerinin yaradılması hədəflənib.
Logistik infrastruktura gəldikdə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (124 km) avtomobil yolu və onunla paralel çəkilən 110,4 km-lik çoxşaxəli dəmir yolu xətti sürətlə tamamlanmaqdadır. Zəngilanın dayanıqlı enerji təminatı üçün 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyası və "Oxçuçay", "Zəngilan" kiçik su elektrik stansiyaları şəbəkəyə qoşulub. Hazırda şəhər mərkəzində 2-ci və 3-cü yaşayış məhəllələrinin, çoxmənzilli binaların, Konqres Mərkəzinin və məscid kompleksinin inşası intensiv şəkildə davam edir.
Qubadı: Nəhəng enerji potensialı
Qubadlı rayonunun yenidən qurulması və böyük qayıdışa hazırlanması prosesi də 2040-cı ilə qədər olan dövrü hədəfləyən Baş Plan çərçivəsində geniş vüsət alıb. Baş plana uyğun olaraq Qubadlı şəhərinin inzibati ərazisi 505 hektar müəyyən edilib və burada gələcəkdə 14 000 nəfərdən çox əhalinin yaşaması planlaşdırılır.
Hazırda şəhərin mərkəzində ilkin mərhələdə köçürüləcək sakinlər üçün 461 mənzildən ibarət çoxfunksiyalı müasir yaşayış məhəlləsinin, 600 şagird yerlik tam orta məktəbin və 120 yerlik uşaq bağçasının tikintisi aparılır.
Rayonun kəndlərinin də tamamilə yenidən qurulması diqqət mərkəzindədir; Mahruzlu kəndində birinci mərhələdə 164 fərdi ev, Zilanlı kəndində 153 fərdi ev, Xanlıq kəndində isə ilkin mərhələdə 183 evin inşası üzrə layihələndirmə və tikinti işləri icra olunur.
Regionun nəqliyyat-arteriyasının əsasını təşkil edən 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın (66 km) və Xanlıq-Qubadlı (18,3 km) avtomobil yollarında irimiqyaslı qazma, asfaltlama və körpü tikintisi işləri son mərhələyə qədəm qoyub. Qubadlının daxili enerji potensialını və "yaşıl enerji zonası" statusunu təmin etmək məqsədilə hələ 2021-ci ildə Rəqəmsal İdarəetmə Sistemli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istismara verilib.
Bununla yanaşı, Bərgüşad və Həkəri çaylarının zəngin su ehtiyatlarından yararlanaraq ümumi gücü onlarla meqavat təşkil edən "Qubadlı-1" və "Qubadlı-2" kiçik su elektrik stansiyaları inşa edilərək ümumi şəbəkəyə inteqrasiya olunub. Qayıdacaq əhalinin daimi iş yerləri ilə təmin olunması məqsədilə 45 hektar ərazidə Qubadlı Sənaye Zonasının salınması işləri sürətləndirilib ki, bura tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və xidmət müəssisələrinin cəlb edilməsi nəzərdə tutulur.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanıb.
Telegram kanalımız