Azərbaycanda tədris ilinin sentyabrın 15-dən başlaması uzun illərdir tətbiq olunan ənənəvi modeldir. Lakin son illərdə dərslərin daha erkən tarixdə – sentyabrın 1-dən başlanması məsələsi yenidən gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik tədris prosesinin daha səmərəli təşkili ilə yanaşı, iyun ayının isti günlərində məktəblərdə yaranan çətinliklərin də qarşısını ala bilər.


 


Bəs gələcəkdə universitet və məktəblərdə tədris ilinin sentyabrın 1-dən başlaması mümkündürmü?


 


Sfera.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, dərslərin sentyabrın 1-dən başlanması və tədris ilinin mayın 31-də yekunlaşması daha məqsədəuyğun model hesab edilir.


 


“Hazırda orta məktəblərdə dərslərin iyunun 15-dək davam etməsi isti hava şəraitində həm şagirdlər, həm də müəllimlər üçün müəyyən çətinliklər yaradır. Tədris ili sentyabrın 1-də başlayarsa, proqram da buna uyğun şəkildə tənzimlənəcək. Bu halda dərs yükünün bölüşdürülməsi daha rahat olar. Belə bir dəyişiklik valideynlər və şagirdlər üçün də daha əlverişlidir. Yay mövsümünün ən isti günlərində məktəblərdə dərs keçilməsinə ehtiyac qalmaz, istirahət və təhsil dövrləri arasında balansın qorunması daha asanlaşar”.


 


Mütəxəssis hesab edir ki, gələcəkdə tədris təqvimi ilə bağlı qərarlar qəbul edilərkən bu amillər nəzərə alınarsa, sentyabrın 1-dən başlayan və mayın 31-də başa çatan modelin tətbiqi mümkün variantlardan biri ola bilər.