Bir çox insan eyni vaxtda bir neçə işi uğurla yerinə yetirdiyini düşünür. Məsələn, iş görərkən mesaj yazmaq, avtomobil idarə edərkən telefonla danışmaq və ya eyni anda müxtəlif məlumat axınlarını izləmək adi hal kimi qəbul edilir.




Sfera.az xəbər verir ki, Almaniyanın Martin Lüter Halle-Vittenberq Universiteti, Hagen Universiteti və Hamburg Tibb Məktəbinin alimlərinin apardığı yeni araşdırma bu fikrin tam doğru olmadığını ortaya qoyub.


 


Tədqiqatın nəticələri “Quarterly Journal of Experimental Psychology” jurnalında dərc edilib.




Araşdırma zamanı iştirakçılardan eyni anda iki fərqli tapşırığı yerinə yetirmək tələb olunub. Onlar kompüter ekranında göstərilən dairənin ölçüsünü qiymətləndirməklə yanaşı, eyni vaxtda səsləndirilən səsin tonunu müəyyən etməli olublar. Təcrübə 12 gün davam edib və alimlər intensiv məşqin beynin fəaliyyətinə təsirini araşdırıblar.




Nəticələr göstərib ki, iştirakçılar zaman keçdikcə daha sürətli işləyib və daha az səhv ediblər. İlk baxışda bu, beynin paralel şəkildə məlumat emal etməyi öyrəndiyi təəssüratını yaratsa da, daha ətraflı təhlil fərqli mənzərə ortaya çıxarıb.




Məlum olub ki, məşq nəticəsində performans yaxşılaşsa da, beyində müəyyən “dar boğaz” qalır. Bu mərhələdə bir neçə tapşırıq üzrə məlumatın eyni vaxtda emalı mümkün olmur.




Tədqiqatın ikinci mərhələsində alimlər tapşırıqların ardıcıllığında kiçik dəyişikliklər ediblər. Bu zaman iştirakçıların səhvləri kəskin şəkildə artıb və reaksiyaları yavaşıyıb. Bu isə göstərib ki, beyin əslində iki işi paralel yerinə yetirməyi öyrənməyib, sadəcə tapşırıqlar arasında çox sürətlə keçid etməyi bacarıb.




Araşdırma müəlliflərinin sözlərinə görə, nəticələr gündəlik həyat üçün mühüm əhəmiyyət daşıyır. Məsələn, təcrübəli sürücülərin belə telefonla danışarkən daha çox səhvə yol verməsinin səbəbi məhz bununla izah olunur. Eyni zamanda hava hərəkəti dispetçerləri, sinxron tərcüməçilər və mürəkkəb sistemlərlə işləyən operatorlar kimi peşə sahiblərinin niyə tez yorulduğu və daha çox səhv etməyə meylli olduğu da aydınlaşır.




Alimlər vurğulayırlar ki, insan beyni hərəkətlərin ardıcıllığını təşkil etməkdə olduqca güclüdür. Lakin “sonsuz multitasking” və ya eyni anda limitsiz sayda işi görmək bacarığı sadəcə mifdir. Tapşırıqlar nə qədər mürəkkəbləşirsə və diqqət bir o qədər tez-tez dəyişirsə, beynin yüklənməsi və səhv etmək riski də artır.




Firuzə Əliyeva

Sfera.az