2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə baxış sərgisi təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi layihələr yalnız mühəndislik və kommunal xidmət baxımından deyil, eyni zamanda şəhərsalma və memarlıq baxımından da xüsusi əhəmiyyət kəsb edir. Agentliyin fəaliyyət sahəsinə daxil olan bir sıra tikililər və komplekslər funksionallıqla estetik yanaşmanın vəhdətini özündə birləşdirərək ölkəmizin memarlıq irsinin mühüm nümunələrinə çevrilib.
Azərbaycanın su təsərrüfatı tarixində inşa edilmiş obyektlər, istər meliorasiya qurğuları, istərsə də içməli su təchizatı sistemləri ilə bağlı binalar özünəməxsus memarlıq üslubu ilə seçilir.