"Uşağın rəqəmsal təhlükəsizliyi artıq yalnız ailə məsələsi deyil, dövlətin üzərinə götürdüyü məsuliyyətdir".




Sfera.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.




Komitə sədri bildirib ki, müasir dövrdə uşaqların həyatı yalnız fiziki mühitlə məhdudlaşmır və onların formalaşdığı əsas məkanlardan biri rəqəmsal dünyadır.




Onun sözlərinə görə, uşaqlar internet, sosial şəbəkələr, onlayn platformalar və süni intellekt sistemləri vasitəsilə həm öyrənir, həm ünsiyyət qurur, həm də şəxsiyyət kimi formalaşırlar. Eyni zamanda onlar dezinformasiya, zorakılıq məzmunu, manipulyativ təsirlər və asılılıq yaradan rəqəmsal mexanizmlərlə üz-üzə qalırlar.

 


Bahar Muradova qeyd edib ki, Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə uşaqların rəqəmsal mühitdə qorunması ayrıca dövlət siyasəti istiqaməti kimi müəyyənləşdirilib.




O vurğulayıb ki, müzakirə olunan qanun layihəsi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə qeydiyyatı, yaşın yoxlanılması, valideyn razılığı mexanizmləri, valideyn nəzarəti funksiyaları, fərdi məlumatların qorunması, provayderlərin fəaliyyəti və məsuliyyət mexanizmlərini əhatə edir.




Komitə sədrinin sözlərinə görə, yeni hüquqi tənzimləmələr nəticəsində sosial şəbəkələrdə yaş məhdudiyyəti hüquqi norma kimi müəyyən edilir, uşaqların qeydiyyatı valideyn nəzarətinə bağlanır, platformalar üçün məsuliyyət sistemi formalaşdırılır və fərdi məlumatların qorunması gücləndirilir.




"Bu, sadəcə texniki tənzimləmə deyil, uşaqların rəqəmsal mühitdə necə qorunacağına dair çoxsaylı suallara verilən konkret cavabdır", – deyə Bahar Muradova bildirib.




O əlavə edib ki, qanun layihəsində yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılmaması, üçüncü şəxslərə ötürülməməsi və kommersiya məqsədilə istifadə edilməməsi prinsipləri də əksini tapıb.




Komitə sədri beynəlxalq təcrübəyə də toxunaraq qeyd edib ki, Avropa İttifaqının GDPR qaydaları, Böyük Britaniya və ABŞ təcrübəsi uşaqların rəqəmsal təhlükəsizliyi sahəsində məlumatların minimum həcmdə toplanması və məqsəd başa çatdıqdan sonra silinməsi prinsipinə əsaslanır.




Bahar Muradova qlobal platformaların məsuliyyətinə də diqqət çəkib:




"Uşağın təhlükəsizliyi kommersiya maraqlarından üstün olmalıdır. Əgər platforma uşağı qoruya bilmirsə, o, uşaqlar üçün uyğun mühit deyil".




Komitə sədri bildirib ki, müzakirə olunan qanun layihəsi uşaqların təhlükəsizliyinin gücləndirilməsinə, ailələrin məsuliyyətinin artırılmasına və dövlətin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.


 


Firuzə Əliyeva

Sfera.az