Sosial şəbəkələr uşaqlarda depressiya və təşviş riskini artırır.
Sfera.az xəbər verir ki, bunu elm təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini bildirib ki, uşaqların rəqəmsal mühitdə qorunması məsələsi hazırda BMT, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onun sözlərinə görə, əsas məqsəd uşaqları kiberbullinqdən, onlayn cinayətlərdən və rəqəmsal asılılıq yaradan zərərli vərdişlərdən qorumaqdır.
Firudin Qurbanov qeyd edib ki, aparılan beynəlxalq araşdırmalar sosial şəbəkələrdən istifadənin uşaqların psixi sağlamlığına mənfi təsirlərini təsdiqləyir. O vurğulayıb ki, bu təsirlər özünü həyəcan, depressiya, təşviş və özünəinamın aşağı düşməsi kimi problemlərdə göstərir. Nazir müavininin sözlərinə görə, 2024-cü ildə klinik diaqnozlar əsasında aparılmış tədqiqatlar psixi pozuntuları olan uşaqların sosial şəbəkələrdə sağlam həmyaşıdlarına nisbətən gündə orta hesabla 50 dəqiqə daha çox vaxt keçirdiyini ortaya qoyub.
Qurbanov sosial şəbəkələrə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübəyə də toxunub. O bildirib ki, bəzi ölkələrdə tətbiq olunan məhdudiyyətlər nəticəsində uşaqların fiziki fəallığı 13,8 faiz artıb, ekran qarşısında keçirdikləri vaxt isə təxminən 10 faiz azalıb. Bununla yanaşı, o qeyd edib ki, 16 yaşınadək uşaqların sosial şəbəkələrdən tamamilə təcrid olunması onların rəqəmsal bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər.
Nazir müavini əlavə edib ki, mütəxəssislər problemin həllində rəqəmsal savadlılığın artırılmasını, təhlükəsiz internet platformalarının yaradılmasını və uşaqların psixoloji dayanıqlığının gücləndirilməsini daha effektiv yanaşma hesab edirlər. Onun sözlərinə görə, hazırda məktəblərdə kiberbullinq və internet asılılığı kimi mövzular üzrə maarifləndirmə tədbirləri, eləcə də müəyyən filtrasiya mexanizmləri tətbiq edilir.
Firudin Qurbanov sonda vurğulayıb ki, uşaqların sosial şəbəkələrə çıxışının tənzimlənməsi mürəkkəb məsələdir və burada əsas məqsəd onların təhlükəsizliyini təmin etməklə yanaşı, rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan da səmərəli şəkildə yararlanmalarına şərait yaratmaqdır.
Firuzə Əliyeva
Sfera.az