“Fənərbağça”da keçirilən növbədənkənar seçkili ümumi qurulun ardından Aziz Yıldırım yenidən klub prezidenti seçilib.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən səsvermədə 27 min 172 etibarlı səsdən 17 min 245-ni toplayan Yıldırım 8 illik fasilədən sonra yenidən “Fənərbağça”nın rəhbəri olub. Klub üzvlərinin böyük dəstəyini alan təcrübəli funksionerin yeni dönəmində bir sıra mühüm dəyişikliklərin baş verəcəyi gözlənilir. Məlumata görə, komandanın yeni baş məşqçisi postuna Aykut Kocamanın gətirilməsi ehtimalı yüksəkdir. Texniki heyətdə isə Volkan Dəmirəl, Dirk Kuyt və Pierre Webonun yer alacağı bildirilib. Bununla yanaşı, Oğuz Çetinin idman direktoru vəzifəsinə təyin ediləcəyi qeyd olunub. Keçmiş futbolçulardan ibarət xüsusi komitənin transfer proseslərində aktiv rol oynayacağı da vurğulanıb. Yeni rəhbərliyin klub daxilində birlik və həmrəyliyi gücləndirmək üçün müxtəlif addımlar atacağı gözlənilir.


 


“Fənərbağça”nın Türkiyə Futbol Federasiyasının tətbiq etdiyi 10+4 legioner qaydasına etiraz edə biləcəyi iddia olunub. Hətta bu məsələdə “Qalatasaray”la ortaq mövqe sərgilənməsi ehtimalı da gündəmdədir. Klubun voleybol və basketbol şöbələrinin “Acıbadem” və “Ülker” sponsorluğu ilə fəaliyyətini davam etdirəcəyi bildirilib. Digər tərəfdən, rəhbərliyi ilin sonunadək təxminən 115 milyon avroluq ödəniş yükü gözləyir. Aziz Yıldırımın Türkiyə Futbol Federasiyası ilə görüşərək ədalətli idarəçilik mövzusunda klubun gözləntilərini açıq şəkildə ifadə etməsi də gözlənilən məsələlər sırasındadır. Rəhbərlik yay transfer dönəmində 5-7 futbolçunun heyətə cəlb olunmasını planlaşdırıb.


 


Prioritetin isə ulduz transferlərdən daha çox çempionluq uğrunda mübarizə apara biləcək balanslı heyət qurmaq olduğu bildirilib. Keremin müqaviləsi ilə bağlı yaranan problemə görə UEFA tərəfindən cəza təhlükəsinin olduğu da qeyd edilib. Aziz Yıldırımın bu məsələni həll edərək mümkün sanksiyanın qarşısını almağa çalışacağı vurğulanıb. Bundan əlavə, bütün futbolçularla fərdi görüşlərin keçiriləcəyi, komandadan ayrılmaq istəyən oyunçulara isə maneə yaradılmayacağı bildirilib.


 


Bəsti Rəfizadə


Sfera.az