Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısının 10-cu iclasında İstanbul Bəyannaməsini imzalayıblar.
Bəyannamədə ölkələr arasında dərin dostluq, yaxşı qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətlərin olduğu vurğulanıb. Sənəddə siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya, eləcə də mədəniyyət sahələri daxil olmaqla qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə mövcud güclü əməkdaşlığın daha da inkişaf etdirilməsi istəyi ifadə olunub.
İstanbul Bəyannaməsi üç ölkə arasında hansı yeni əməkdaşlıq imkanlarını yaradacaq? Üçtərəfli formatın region üçün əsas əhəmiyyəti nədir?
Məsələ ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, iqtisadi baxımdan İstanbul Bəyannaməsi üç əsas istiqamətdə yeni imkanlar yarada bilər:
“Birinci istiqamət nəqliyyat və logistika sahəsidir. Sənəddə xüsusi olaraq Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və multimodal nəqliyyat vurğulanır. Bu o deməkdir ki, Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə-Avropa xətti üzrə yükdaşımaların artırılması hədəflənir. Burada Azərbaycan tranzit mərkəzi, Gürcüstan keçid qapısı, Türkiyə isə Avropaya çıxış nöqtəsi rolunu gücləndirə bilər. Əgər koordinasiya güclənsə, regiondan keçən yüklərin həcmi arta və əlavə gəlirlər yarada bilər. İkinci istiqamət enerji əməkdaşlığıdır. Bəyannamədə yalnız neft və qaz deyil, həm də yaşıl enerji və aşağı karbon texnologiyaları xüsusi vurğulanır. Bu onu göstərir ki, gələcəkdə Xəzər regionunun yaşıl elektrik enerjisinin Gürcüstan və Türkiyə üzərindən Avropaya ötürülməsi layihələri sürətlənə bilər. Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirmək istəyi fonunda bu xətt daha strateji əhəmiyyət qazanır”.
İqtisadçı üçüncü istiqamətin investisiya və biznes əlaqələri olduğunu bildirib:
“Sənəddə biznes forumları, ticarət palataları və birbaşa işgüzar təmaslar ayrıca qeyd olunur. Bu da onu göstərir ki, məqsəd yalnız dövlət səviyyəsində əməkdaşlıq deyil, özəl sektor arasında əlaqələri genişləndirməkdir. Praktik nəticə olaraq logistika, kənd təsərrüfatı, sənaye, rəqəmsal xidmətlər və turizm sahələrində birgə layihələrin sayı arta bilər. Təhlükəsizlik aspekti də iqtisadi baxımdan vacibdir. Çünki sənəddə kibertəhlükələr, transmilli cinayətkarlıq və hibrid risklər qeyd edilir. İnvestor üçün ən vacib məsələ sabitlikdir. Əgər regionda koordinasiya güclənərsə, bu, uzunmüddətli sərmayələr üçün daha proqnozlaşdırılan mühit yarada bilər. Amma obyektiv qiymətləndirsək, belə bəyannamələrin real nəticəsi daha çox icra mexanizmlərindən asılı olur. Yəni sənəd özü-özlüyündə iqtisadi dəyişiklik yaratmır. Əsas məsələ odur ki, burada qeyd olunan layihələr maliyyələşmə, hüquqi koordinasiya və siyasi davamlılıq baxımından nə qədər həyata keçiriləcək. Hər şey tərəflərin əməkdaşlıqda nə qədər maraqlı olacağından asılıdır.
Üçtərəfli formatın region üçün əsas əhəmiyyətinə gəlincə, bu mexanizm Cənubi Qafqazı daha çox əməkdaşlıq və tranzit regionuna çevirmək məqsədi daşıyır. Bu formatın əsas üstünlüyü ondadır ki, üç ölkə bir-birini tamamlayan coğrafi və iqtisadi imkanlara malikdirlər. Azərbaycan enerji və logistika potensialına sahibdir, Gürcüstan Qara dənizə çıxış təmin edir, Türkiyə isə böyük bazar və Avropaya qapıdır. Bu səbəbdən üçtərəfli format əslində regionda “enerji-nəqliyyat-ticarət” modelini formalaşdırmağa xidmət edir. Bununla belə, bu formatın uğuru regional sabitlikdən, sərhədlərdə risklərin azalmasından və layihələrin praktik icrasından birbaşa asılı olacaq. Yəni perspektiv müsbətdir, amma nəticələr daha çox konkret addımlardan və bu üç ölkədən kənarda baş verəcək hadisələrdən də müəyyən dərəcədə asılıdır”.
Bəsti Rəfizadə
Sfera.az