Dünya siyasi tarixinə nəzər saldıqda liderlərin həyatda olmaları və qəbul etdikləri qərarlarla yanaşı onların ölümlərindən sonra yaşanan böhranlar da diqqət çəkir. Bəzi dövlət rəhbərlərinin dəfni siyasi xaos, varislik mübarizəsi, müharibə şəraiti və ya ideoloji propaqanda məqsədilə həftələrlə, aylarla, hətta onilliklərlə gecikdirilib.


 


Sfera.az ən gec dəfn edilən liderləri araşdırıb.


 


Bu mövzuda ən təzə və misilsiz nümunə İranın ali rəhbəri Seyid Əli Xameneinin ətrafında yaşanan proseslərdir.


 



 


Cari ilin fevral ayının 28-də ABŞ-İsrail birgə hava zərbələri nəticəsində həlak olan Əli Xameneinin cənazəsi 100 gündən çoxdur ki, hələ də torpağa tapşırılmayıb. Rəsmi Tehran dəfn mərasiminin Məhərrəm ayından sonra keçiriləcəyini bəyan etsə də, pərdəarxası məqamlar fərqli səbəblərə işarə edir. Hazırda aktiv müharibə şəraitində olan İranda genişmiqyaslı dəfn mərasimi keçirmək ciddi təhlükəsizlik riski yaradır. Digər tərəfdən, Xameneinin yerinə gizli şəkildə seçildiyi iddia olunan oğlu Müctəba Xameneinin sui-qəsd qorxusundan ictimaiyyət qarşısına çıxmaması və regional müttəfiqlərin (Hizbullah, Husilər) rəhbərlərinin Tehrana gəlməkdən çəkinməsi prosesi çıxmaza salıb. Həmçinin raket zərbəsi nəticəsində bədənin ağır zədə alması cənazənin açıq nümayişini qeyri-mümkün edib. Rejim isə daxili sabitliyi qorumaq üçün milyonlarla insanın iştirak edəcəyi nəhəng bir propaqanda şousu hazırlamaq üçün uyğun zaman gözləyir. İrandakı bu vəziyyət 1989-cu ildə Ayətullah Xomeyninin dəfnində yaşanan xaosu xatırladıb. O vaxt izdiham cənazə vaqonuna hücum edib Xomeyninin kəfənini parçaladığı üçün bədən helikopterlə geri götürülmüş, kütləni dağıtmaq məqsədilə "dəfn təxirə salındı" elanı verilsə də, lider 5 saat sonra gizlin basdırılıb.


 


Yaxın Şərqdə bənzər bir böhran Hizbullah lideri Həsən Nəsrullahın ölümündən sonra da yaşanıb. 2024-cü ilin sentyabrında İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülən Nəsrullahın dəfni 5 ay gecikdirilib. İsrail rəhbərliyi Livanı davamlı bombalayır və kütləvi toplaşılacaq hər hansı rəsmi mərasimi hədəf alacağını açıq şəkildə bəyan edirdi. Nəticədə cənazə yalnız 2025-ci ilin fevralında, atəşkəs əldə olunduqdan sonra gizli və təhlükəsiz şəraitdə torpağa tapşırılıb.


 


Lakin tarixdə elə liderlər var ki, onların dəfn müddəti aylarla yox, onilliklərlə ölçülür. Bu siyahının ən heyrətamiz rekordu müasir Tayvanın əsasını qoyan Çan Kayşiyə məxsusdur.


 



 


1975-ci ildə vəfat edən liderin cənazəsi tam 51 ildir ki, rəsmən dəfn olunmayıb. Çan Kayşi vəsiyyət edib ki, onu yalnız Çindəki kommunist rejimi devrildikdən və Çin materiki geri alındıqdan sonra öz doğma kəndində dəfn etsinlər. Hazırda onun qara mərmər tabutu Tayvandakı bir sarayda, xüsusi dayaqlar üzərində yer səviyyəsindən yüksəkdə saxlanılır və Tayvan rəhbərliyi hələ də bu siyasi vəsiyyətə hörmətlə yanaşır.


 


Filippinin məşhur diktatoru Ferdinand Markosun cənazəsi isə 27 il boyunca torpaq üzü görməyib. 1989-cu ildə Havayda mühacirətdə ölən diktatorun cənazəsinin ölkəyə gətirilməsi xalqın qəzəbindən qorxan hökumət tərəfindən qadağan edilib.


 



 


1993-cü ildə cənazə gətirilsə də, onun "Qəhrəmanlar Məzarlığı"nda basdırılmasına icazə verilməyib. Diktatorun inadkar xanımı İmelda Markos isə ərinin sadə bir qəbiristanlıqda basdırılmasını rədd edərək bədəni şüşə tabutda mumiyaladıb öz doğma şəhərlərindəki kriptada saxlayıb. Markos yalnız 2016-cı ildə, yeni prezidentin icazəsi ilə rəsmi olaraq dəfn edilib.


 


Müasir Çinin atası sayılan Sun Yat-senin cənazəsi isə 1925-ci ildəki ölümündən sonra 4 il gözləməli olub. Səbəb isə Nankin şəhərində onun üçün hazırlanan nəhəng dağ məqbərəsinin inşası və bu ərəfədə ölkədə daxili müharibələrin kəskinləşməsi idi.


 


Eyni şəkildə, Yunanıstan kralı I Konstantin də respublikaçı hökumətin qadağasına görə 1923-cü ildəki ölümündən sonra 3 il boyunca İtaliyadakı bir rus kilsəsinin zirzəmisində tabutda saxlanılıb və yalnız 1926-cı ildə rejim dəyişikliyindən sonra vətəninə gətirilib.


 


Tarixin ən qəribə gecikmələrindən biri isə SSRİ diktatoru İosif Stalinlə bağlıdır. 1953-cü ildə ölən Stalin dərhal Leninin yanında Məqbərəyə qoyulsa da, onun əsl torpağa basdırılması 8 il gecikib.


 


Nikita Xruşşovun rəhbərliyi ilə başlayan


 


"Stalinsizləşdirmə" kampaniyası çərçivəsində, 1961-ci ilin oktyabrında Stalinin cənazəsi gecə vaxtı gizlicə mərkəzi məqbərədən çıxarılaraq Kremlin divarı yaxınlığında basdırılıb.


 


Şimali Koreya liderləri Kim İl Sunq (1994) və Kim Çen İr (2011) isə ölümlərindən sonra ölkədəki böyük yas manipulyasiyası və logistik hazırlıqlar səbəbindən 11 gün sonra rəsmi mərasimlə qarşılanıblar, lakin onlar da torpağa basdırılmayıb, mumiyalanaraq xüsusi sarayda saxlanılırlar.


 


Onun diriləcəyini düşünürdülər...


 



 


Siyahının ən mistik hadisəsi isə 1930-cu ildə vəfat edən Efiopiya imperatriçası Zauitu ilə bağlıdır. Onun dəfni 48 gün təxirə salınıb. Səbəb isə Efiopiya Pravoslav Kilsəsinin ruhanilərinin imperatriçanın müqəddəs bir şəxs olduğunu və 40 gün ərzində dirilə biləcəyini iddia etmələri idi. Yalnız dini gözlənti müddəti bitdikdən və bədəndə təbii çürümə əlamətləri aşkar olduqdan sonra dəfnə icazə verilib.


 


Göründüyü kimi, böyük gücə sahib olan liderlərin təkcə həyatı deyil, bəzən tabutları və cənazələri də böyük siyasi oyunların, vəsiyyətlərin və hərbi böhranların girovuna çevrilir.


 


Bəsti Rəfizadə


Sfera.az