Dövlət Statistika Komitəsinin son açıqladığı rəsmi məlumatlara əsasən, ilk dəfə psixi və davranış pozuntusu diaqnozu qoyulan 6063 nəfərdən 2466-sı məhz 0-17 yaş qrupuna aid uşaq və yeniyetmələrdir.
Bu rəqəmlər göstərir ki, artıq uşaqların psixi sağlamlığı kütləvi risk altındadır. Bir çox hallarda isə valideynlər övladlarında yaranan ciddi psixoloji problemləri sadəcə “ərköyünlük” və ya “yaş dövrünün şıltaqlığı” hesab edərək zamanında müdaxilə etmirlər.
Valideynlər övladlarında psixi və ya davranış pozuntusunun başladığını hansı ilkin siqnallarla anlaya bilərlər? Evdə hansı davranış dəyişiklikləri həyəcan təbili sayılmalıdır və valideynlər övladının psixologiyasını qorumaq üçün gündəlik olaraq nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib. Mütəxəssis valideynlərə xəbərdarlıq edərək bildirib ki, uşaqların psixi sağlamlığı artıq kütləvi risk qrupuna daxil olmağa başlayıb və bu səbəbdən valideynlər övladlarının emosional vəziyyətinə ən az fiziki sağlamlıqları qədər diqqət yetirməlidirlər:
“Uşaqlar arasında psixi və davranış pozuntularının artması fonunda valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Çünki bəzən uşaqlar yaşadıqları çətinlikləri sözlə deyil, davranışları ilə ifadə edirlər – “mənə kömək lazımdır” demirlər. Bəzən onlar bunu davranışları, emosiyaları və gündəlik vərdişlərindəki dəyişikliklərlə ifadə edirlər. Bir çox valideyn övladının son vaxtlar daha əsəbi olduğunu, otağına qapandığını, dərslərə marağının azaldığını və ya saatlarla telefon qarşısında vaxt keçirdiyindən şikayət edir. “Son vaxtlar çox əsəbidir”, “telefonu əlindən düşmür”, “yaş dövrüdür, keçib gedər” deyən valideynlərin övladları haqqında ən çox işlətdiyi bu cümlələrin arxasında bəzən ciddi psixoloji problemlər gizlənə bilir. Psixi və davranış pozuntuları əksər hallarda qəfil yaranmır. Uşaq aylarla, bəzən isə illərlə müxtəlif siqnallar verir. Uşağın xarakterində və gündəlik davranışında baş verən nəzərəçarpacaq dəyişikliklər ilk xəbərdarlıq əlamətlərindən biridir.Əgər əvvəllər aktiv, ünsiyyətcil və şən olan uşaq birdən-birə insanlardan uzaqlaşmağa başlayırsa, dostları ilə görüşmək istəmirsə, ailə söhbətlərinə qoşulmursa və vaxtının böyük hissəsini tək keçirməyə üstünlük verirsə, bunun səbəbi araşdırılmalıdır”.
A.Aslan psixi pozuntu yaşayan uşaqlarda hansı əlamətlərin olduğunu izah edib:
“Bir çox valideynlər övladlarının aqressiv davranışlarını intizamsızlıq və ya hörmətsizlik kimi qiymətləndirirlər. Halbuki yeniyetmələrdə depressiya çox zaman kədərdən daha çox əsəbiliklə özünü göstərir. Uşaq tez-tez qışqırırsa, səbəbsiz yerə əsəbiləşirsə, ailə üzvləri ilə münaqişələr artırsa və ən xırda məsələlərə belə sərt reaksiya verirsə, bu davranışların arxasında emosional gərginlik dayanmış ola bilər, davamlı qəzəb və aqressiya bəzən uşağın yaşadığı daxili sıxıntının ən görünən ifadəsinə çevrilir. Uşağın psixoloji vəziyyəti ilk növbədə onun təhsil həyatında özünü göstərir. Dərslərə marağın azalması, qiymətlərin aşağı düşməsi, diqqət dağınıqlığı, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməsi və müəllimlərin davranışla bağlı şikayətlərinin artması, “sanki əvvəlki uşaq deyil” kimi ifadələr” valideynlərin diqqətindən yayınmamalıdır. bəzən ailələr yalnız akademik nəticələrə fokuslanır, lakin həmin nəticələrin arxasında dayanan emosional problemləri görmürlər.
Psixi sağlamlıq problemləri yalnız davranışlarla deyil, fiziki dəyişikliklərlə də özünü göstərə bilər. Gecələr yatmaqda çətinlik çəkmək, tez-tez oyanmaq, qorxulu yuxular görmək, səhərlər yorğun oyanmaq və ya əksinə, həddindən artıq yatmaq diqqət tələb edən hallardır. Eyni zamanda iştahın qəfil azalması və ya normadan artıq yemək yemək də uşağın emosional vəziyyətində problem olduğunu göstərə bilər. “Heç kim məni başa düşmür” cümləsini laqeyd qarşılamayın. Uşaqlar və yeniyetmələr yaşadıqları emosional çətinlikləri bəzən sözlərlə ifadə etməyə çalışırlar. Təcrübələrimizdə ən çox rast gəlinən fikirlər “Hamı məndən bezib”, “mən heç nəyə yaramıram”, “heç kim məni başa düşmür”, “həyat mənasızdır” kimi ifadələr sadəcə emosional reaksiya kimi qiymətləndirilməməlidir. Bu cür fikirlər uşağın özünə münasibətində ciddi problemlərin yarandığını göstərə bilər və peşəkar dəstək zərurətindən xəbər verir.
Müasir dövrdə uşaqların emosional vəziyyətini anlamağın yollarından biri də onların ekran qarşısında keçirdikləri vaxta diqqət yetirməkdir. Əgər uşaq ailədən uzaqlaşır, dostları ilə real ünsiyyəti minimuma endirir və günün böyük hissəsini telefon və ya kompüter qarşısında keçirirsə, bu davranış bəzən daxili problemlərdən qaçış forması ola bilər. Ekran istifadəsinin artması ilə yanaşı sosial əlaqələrin zəifləməsi xüsusilə diqqətlə izlənməlidir. Uşağın psixi sağlamlığını qorumağın ən güclü vasitəsi onunla etibarlı münasibət qurmaqdır. Valideynlər hər gün övladları ilə səmimi söhbət etməli, onları mühakimə etmədən dinləməli, hisslərini ifadə etmələrinə imkan yaratmalıdırlar. Eyni zamanda uşağın yuxu rejiminə, qidalanmasına, məktəb həyatına və dost çevrəsinə maraq göstərmək vacibdir. Onları daim başqaları ilə müqayisə etmək, həddindən artıq təzyiq göstərmək və uğursuzluqlara görə sərt tənqid etmək isə psixoloji yükü daha da artırır”.
Mütəxəssis bildirib ki, əgər davranış dəyişiklikləri iki həftədən artıq davam edirsə və uşağın gündəlik həyatına təsir göstərirsə, peşəkar yardım almaqdan çəkinmək olmaz. Çünki bəzən valideynlərin “naz edir”, “keçib gedər” dediyi davranış əslində görünməyən bir ağrının səsidir.
Bəsti Rəfizadə
Sfera.az