İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib. O, “Tahririeh Plus” Yutub kanalında çıxışı zamanı Azərbaycanı da “hədələyib”.
Tehran rəsmilərinin Bakıya dostluq-qardaşlıq mesajları verməsi fonunda iranlı deputatın bu addımı bir sıra suallar doğurur.
Mövcud ziddiyyət nə ilə bağlıdır? Bu, İran-Azərbaycan münasibətlərinin düzəlməsini istəməyən qüvvələrin işidir, yoxsa Tehran özü maraqlıdır?
Sfera.az xəbər verir ki, Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Əbülfəzl Zöhrəvəndin Azərbaycan əleyhinə səsləndirdiyi son açıqlamalar, xüsusilə Bakının bir neçə saat ərzində “xəritədən silinə biləcəyi” ilə bağlı iddiaları, nə diplomatik etikaya, nə də iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə uyğun gəlir:
“Bu cür bəyanatlar Azərbaycan–İran münasibətlərində son aylarda müşahidə olunan müsbət dinamika fonunda olduqca ziddiyyətli və narahatedici görünür.
Belə şəxslərin uzun illərdir cəzasız şəkildə anti-Azərbaycan ritorikası sərgiləməsi də təsadüfi sayıla bilməz. İran daxilində Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən müəyyən siyasi dairələrin mövcudluğu uzun müddətdir müşahidə olunur. Həmin qüvvələr Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını, Azərbaycanın İsraillə əməkdaşlığını və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları öz maraqları üçün risk kimi qiymətləndirirlər. Bu səbəbdən də münasibətlərin normallaşmasına yönəlmiş addımları kölgə altına salmaq məqsədilə zaman-zaman sərt və təxribat xarakterli ritorikaya müraciət edirlər.
Son iki onillik ərzində İranın Azərbaycan siyasətində ikili yanaşma dəfələrlə özünü göstərib. Bir tərəfdən iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri və mehriban qonşuluq münasibətləri ön plana çəkilir, digər tərəfdən isə bəzi siyasi və dini çevrələr tərəfindən Azərbaycana qarşı ittiham və təzyiq ritorikası davam etdirilir. Bu baxımdan Zöhrəvəndin açıqlamalarını yalnız fərdi mövqe kimi deyil, İran siyasi sistemində mövcud olan müəyyən düşüncə xəttinin növbəti təzahürü kimi də qiymətləndirmək mümkündür.
Belə təhdid xarakterli bəyanatlar iki ölkə arasında etimad mühitinin formalaşmasına ciddi zərbə vurur, eyni zamanda rəsmi Tehranın verdiyi dostluq və əməkdaşlıq mesajlarının səmimiliyi ilə bağlı sualları daha da artırır. Azərbaycan–İran münasibətlərinin sağlam əsaslar üzərində inkişafı üçün qarşılıqlı hörmətə və məsuliyyətli siyasi ritorikaya ehtiyac olduğu bir daha ortaya çıxır”.