Gecənin qürub çağı peyda olan, iri cüssəli, uzun saçlı və parlaq gözlü qadın obrazı… Türk xalqlarının mifoloji təsəvvürlərində “al anası”, “hal anası” və ya bəzi bölgələrdə “albastı” adı ilə tanınan bu sirli varlıq əsrlər boyu insanların qorxu və inanclar sistemində xüsusi yer tutub. Amma müasir dövrdə bu obraz demək olar ki, yaddaşlardan silinib.


Bəs “al anası” kimdir? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, folklorşünas Ağaverdi Xəlilov danışıb.


Onun sözlərinə görə, mifologiyada “al anası” və ya “hal anası” qadın cini kimi təsəvvür olunur və daha çox zərərverici xüsusiyyətlərlə xarakterizə edilir: Marqarita pizza


“Türk xalqlarının mifoloji təsəvvürlər sistemində “al anası”, “hal anası” və ya “hal arvad” deyilən bir qadın obrazı mövcud olmuşdur. Bəzi türk xalqlarında bu obraza “albastı” deyilmişdir. 


Azərbaycan mifoloji təsəvvürlərində də belə bir obraz olmuşdur. Buna “al  anası”, “al arvad” və ya “hal anası” deyilmişdir. Bu qadın şəklində təsəvvür olunan bir mifoloji obrazdır. Bu mifoloji obrazın funksiyaları ilə bağlı müxtəlif mətnlər mövcuddur. 


Folklor İnstitutunun arxivində bu obrazla bağlı mətnlər vardır və onlar müxtəlif bölgələrdən toplanıb. Bir çox bölgələrdə bu obraz arxaikləşib. Al  anası obrazı xəyali də olsa ənənəvi obraz kimi düşüncələrdə mövcud olmuşdur, amma indi demək olar ki, unudulmuşdur. Bu haqda olan bəzi mətnlər nəsildən nəsldən nəslə  keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Mifoloji düşüncə obrazı kimi müasir insanın düşüncəsindən silinmişdir. Müasir insanlar bu obrazı təsəvvür etmirlər. Ona görə də onun xeyirxah və ya bədxah funksiyası müasir insan üçün mövcud deyildir.


Əslində al anası qadın cindir. Bir cin anasıdır. Bu mənada cinlərin fəaliyyəti, onların funksiyası al  anasına da aiddir. Cinlərin insanlarla əlaqəli fəaliyyətləri haqqında əfsanə və rəvayətlər vardır. “Cin vurması”, “cin tutması”, “cinlənmək” və ya “cini çıxrmaq”, “cini tutmaq” ifadələrinin mətnlərdə ifadələri mövcuddur. Buradan aydın olur ki, cinlərin funksiyası,  əsasən, ziyanlıdır”.


Folklorşünas deyib ki, müxtəlif bölgələrdən qeydə alınan folklor nümunələri bu obrazın funksional xüsusiyyətlərini bu günə qədər yaşadaraq qoruyub saxlayıb:


“Al dilimizdə işlənən çoxmənalı sözlərədən biridir. Bir mənası da hiylə deməkdir. Cinlərin hiyləsi, insanları aldatması da al nasının funksiyalarına daxildir.


Bu obrazı xəyalında  görmüş şəxsin söhbətindən aydın olur ki, al anası uca boylu, cüssəli, iri bir qadındır, Uzun saçları, böyük döşləri, parlaq gözləri olan bir qadındır. Günəş batan vaxtlarda, yəni qürub çağı görünüb bu mifoloji obraz. Cinlər adətən günün qaranlıq hissəsində fəaliyyətdə olurlar, insanların qapılarını pusurlar. Ona görə də qapıdan çölə qaynar su atanda “cinin balasını yandırarsan” deyirlər. Cinləri insanlara qarşı qəzəbləndirməmək mənasında “bismillah” deyilir və bu zaman cinlər həmin yeri dərhal tərk edirlər. 


“Qərib cinlər diyarında” filmində qadın cin obrazı canlandırılmışdır. Mifoloji al anasına tam uyğun olmasa da mifoloji cin qadın kimi düşünülmüşdür. 


Bölgələrdə yeni doğulan körpələrə cinin ziyan vurması haqqında təsəvvürlər mövcud olmuşdur. Yeni doğulan körpənin 40 günü tamam olmadan onun olduğu otağa adam daxil olanda uşağı otaqdan çıxarırlar. Adam otağa girəndən sonra yenidən uşaq otağa gətirilir. Buna bənzər adətlər indi də qalmışdır. Bu uşaqları bəd ruhdan, bəd nəzərdən qorumaq məqsədi daşımışdır. Bunu ala anası ilə də əlaqəli izah edənlər vardır. Məsələ burasındadır ki, bu mifoloji obraz artıq arxaikləşmişdir. Adətlər isə ənənədə simvolik olaraq yaşamaqdadır.  Müasir insanın düşüncəsində belə bir obraz olmadığı üçün onun təsiri də yoxdur”.


Əsmətxanım Rzazadə



Telegram kanalımız