“Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur”.


“Yeni Sabah” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar Bayramov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında keçirilən görüş və mətbuata açıqlamaların ardından paylaşılıb.


Deputat bildirib ki, dövlət başçılarının açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə xüsusi diqqət ayrılıb. Onun sözlərinə görə, imzalanan sənədlər iki ölkə arasında ticarət və iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Dominos pizza


V.Bayramov qeyd edib ki, əsas prioritetlərdən biri qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığın genişləndirilməsidir.


Deputatın paylaşdığı məlumatlara əsasən, 2026-cı ilin ilk dörd ayında Azərbaycan Türkmənistandan əsasən reaktiv mühərriklər üçün kerosin yanacağı (4,19 milyon dollar), mineral və ya kimyəvi azot gübrələri (1,98 milyon dollar), emal prosesləri üçün maye yanacaq (1,49 milyon dollar), sürtkü yağları (944 min dollar), şokolad məhsulları (638 min dollar), eləcə də kimyəvi toxuculuq materiallarından hazırlanan kisə və paketlər (363 min dollar) idxal edib.


Eyni dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6,04 milyon dollar), dəmir və ya aşqarlanmamış poladdan hazırlanmış məhsullar (4,88 milyon dollar), sürtkü yağları (1,91 milyon dollar), kərə yağı (929 min dollar), həmçinin qazoyl və dizel yanacağı (514 min dollar) ixrac edib.


Paylaşımda vurğulanıb ki, ilin ilk dörd ayında Azərbaycan ilə Türkmənistan arasında ümumilikdə 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Deputat hesab edir ki, qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və əməkdaşlıqda yeni mərhələnin başlanmasına töhfə verəcək.


Aytac Əliyeva



Telegram kanalımız