Azərbaycanda orta aylıq nominal əməkhaqqının necə hesablandığı açıqlanıb.


"Yeni Sabah" xəbər verir ki, Dövlət Statistika Komitəsi “Statistika vaxtı” rubrikasının növbəti buraxılışında orta aylıq əməkhaqqının hesablanması qaydasına aydınlıq gətirib.


Komitənin məlumatına görə, orta aylıq nominal əməkhaqqı hər bir işçinin aldığı fərdi maaşı deyil, muzdla çalışan işçilər üzrə hesablanan ümumi statistik göstəricini ifadə edir. Dördpendirli pizza


Qeyd olunub ki, göstəricinin hesablanmasını sadə nümunə ilə izah etmək mümkündür. Belə ki, bir müəssisədə 3 işçinin aylıq əməkhaqqı müvafiq olaraq 700, 1000 və 1300 manatdırsa, onların ümumi əməkhaqqı 3000 manat təşkil edir. Bu məbləğ 3 işçiyə bölündükdə orta aylıq əməkhaqqı 1000 manat alınır.


Lakin bu, hər üç işçinin 1000 manat maaş aldığı anlamına gəlmir. İşçilərdən biri 700, digəri 1000, üçüncüsü isə 1300 manat əməkhaqqı alır.


Komitə bildirib ki, ümumi statistik hesablamada da eyni məntiq tətbiq olunur. Müəyyən dövr üzrə hesablanmış əməkhaqqı fondu faktiki işləmiş işçilərin orta sayına və həmin dövrdəki ayların sayına bölünür. Nəticədə orta aylıq nominal əməkhaqqı göstəricisi əldə edilir.


Beləliklə, orta aylıq nominal əməkhaqqı ayrı-ayrı şəxslərin maaşını deyil, ölkə üzrə əməkhaqqının ümumi səviyyəsini xarakterizə edən statistik göstəricidir.


Aytac Əliyeva



Telegram kanalımız