Pulların üzərinə yazı yazmaq tez-tez rast gəlinən hallardandır. Əskinasların üzərinə yazılan elanlar, telefon nömrələri və ya xahişlər pulun görünüşünü korlayır və onu yararsız hala salır. Vətəndaşlar belə pulların mağazalar, iaşə məntəqələri və ictimai nəqliyyatda istifadə edilmə bilməməsindən gileylənir.


Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əskinası korlayanın dəqiq kimliyini müəyyən etmək mümkünsüz olsa da, belə pulları reabliyasiya etmək mümkündür:


“Üzərində yazı olan pul nişanının kim tərəfindən yazılmasını dəqiq sübut etmək mümkün deyil. Pul əskinası məndədirsə, bu o demək deyil ki, mən yazmışam. Eyni zamanda belə pul əskinasları artıq korlanmış əskinaslardır və mağazalarda, ictimai nəqliyyatda artıq onu qəbul etməyə bilərlər. Vətəndaş belə olan halda, üzərində yazı olan pul əskinasını banka aparmalıdır. Əgər hansısa bank qəbul etmirsə, Mərkəzi Banka müraciət edilməlidir. Mərkəzi Bank həmin əskinası mütləq dəyişəcək”. pizza mizza


Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində pul əskinaslarının üzərinə yazı yazmaq, onları cızmaq və ya bilərəkdən zədələmək əməlinə görə birbaşa inzibati cərimə və ya cinayət məsuliyyəti (məsələn, cərimə sanksiyası və ya həbs) nəzərdə tutulmayıb.


Azərbaycan Mərkəzi Bankının (AMB) pul nişanlarının tədavülü və dəyişdirilməsi qaydalarına əsasən, üzərində yad yazılar, ləkələr, çirklənmələr və ya digər kənar qeydlər olan kağız pullar tədavülə yararsız (zədələnmiş) hesab olunur.  Mağazalar, xidmət obyektləri, eləcə də ödəniş terminalları (eManat, Million və s.) və bankomatlar üzərində xətt və ya yazı olan bu cür əskinasları qəbul etməkdən imtina edə bilərlər.


Nazim Hacıyev



Telegram kanalımız