Onlayn mağazalardakı “50 AZN-lik mal al, çatdırılma pulsuz olsun” təklifi yerinə görə həm qənaət, həm də artıq xərc kimi görünə bilər.


Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib.


Onun sözlərinə görə, 50 manatlıq məhsul satışında xalis gəlir bir o qədər də böyük olmur: Sezar pizza


“Satıcı firma çatdırılmanı ya taksi xidməti vasitəsilə həyata keçirir, ya da kuryerə hər çatdırılan sifariş üçün müəyyən faiz ödəyir. Yəni gəlir və xərcini dəqiq hesablayaraq limit tətbiq edir ki, bu məbləğdən yuxarı çatdırılma pulsuz olsun.


Bir sıra ölkələrin praktikasında da bu üsul geniş tətbiq edilir, yəni Azərbaycan üçün yenilik deyil. Əgər alıcının vaxt məhdudiyyəti yoxdursa, o, bu limitə baxmadan yalnız ehtiyacı olduğu qədər məhsulu birbaşa mağazadan ala bilər”.


İqtisadçı istehlakçıların 3-4 manatlıq çatdırılma haqqını verməmək üçün 15-20 manatlıq əlavə məhsul alması məsələsinə də toxunub:


“Şəxslər əksər hallarda yaxın ətrafı ilə birlikdə məhsul sifariş edirlər və ya yol xərcini hesablayanda cüzi fərq yarandığını görürlər. Yəni bu kimi hallar nəzərə alınaraq alış-veriş edilir. Minimum sifariş həddi strategiyasının şirkətlərin satış həcminə və gəlirlərinə təsirinə qaldıqda isə, qeyd etdiyim kimi, çatdırılma haqqı birbaşa daşımanı edən şəxsə ödənilir. Yəni həmin 3-5 manatlıq məbləğ şirkətin xalis mənfəəti deyil.


Lakin hər əlavə məhsulun səbətə daxil olması və satışı şirkət üçün əlavə gəlir yaratmaqla yanaşı, stoku da daha tez yeniləyir. Bu da satış həcminin və ümumi mənfəətin artması deməkdir”.


G.Hüseynova bu addımın “qənaət” kimi görünməsinə baxmayaraq, büdcədə gizli xərc yaradıb-yaratmaması məsələsinin məhsulun növündən və kateqoriyasından asılı olduğunu bildirib:


“Məsələn, elə məhsul ola bilər ki, ona həqiqi endirim tətbiq olunub. Bu zaman həmin məhsuldan bir neçə ədəd alıb ehtiyat yığmaq daha sərfəlidir.


İkinci məsələ isə ehtiyac olan məhsulla olmayan məhsul arasındakı qiymət fərqidir. Məsələn, şəxsin ehtiyacı olan məhsul 27 manat, ehtiyacı olmayan isə 23 manatdırsa, deməli, 23 manatlıq əlavə xərc yaranır.


Əlbəttə, digər tərəf də var: əgər ehtiyac olan məhsul cəmi 5 manatdırsa, heç kim buna görə 45 manatlıq lüzumsuz mal almaz. Onlayn dükanlarda qiymətlər əsasən orta həddə — 30, 35, 40 manat civarında təyin olunur. Satış strategiyası elə qurulur ki, müştəri 30 manatlıq məhsul aldıqda, limiti keçmək üçün avtomatik minimum 25 manatlıq da mal əlavə edir. Cəmi 55 manat olur, limit 5 manat da olsa keçilir və bu da mağazaya əlavə gəlir gətirir”.


Ekspert pulsuz çatdırılma illüziyasına düşməmək və artıq xərcə girməmək üçün alıcılara tövsiyələrini də verib:


“Müştəri ya məhsulu özü gedib birbaşa mağazadan almalı, ya ətrafı ilə birgə toplu sifariş etməli, ya da mütəmadi tələbatı olan endirimli məhsulları əvvəlcədən çoxsaylı sifariş etməlidir. Xarici ölkələrdə, xüsusilə Türkiyədə onlayn ticarət platformalarında və hətta supermarkettlərdə bu üsul geniş yayılıb. Məqsədli istifadə olunduqda bu təklif artıq xərc yaratmır, əksinə, alıcı üçün faydalı olur”.


Cəlalə Cəlalqızı



Telegram kanalımız