Azərbaycan qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslərin əmək hüquqları xüsusi qaydada qorunur. Onların işə qəbulu, iş vaxtı, əmək şəraiti və istirahət hüquqları ilə bağlı bir sıra məhdudiyyət və təminatlar müəyyən edilib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.


Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin işləməsinə yol verilmir. 15-18 yaş arasında olan şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynlərdən və ya qanuni nümayəndələrdən birinin yazılı razılığı alınmalıdır. Toyuqlu pizza


18 yaşına çatmayan işçilər üçün daha əlverişli əmək şəraiti nəzərdə tutulub. Belə ki, 16 yaşınadək şəxslər həftədə maksimum 24 saat, 16-18 yaş arasında olanlar isə maksimum 36 saat işləyə bilərlər. Bununla yanaşı, onların əməkhaqqı müvafiq vəzifə və peşə üzrə çalışan yetkin işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilməlidir.


Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslərin gecə vaxtı, iş vaxtından artıq, istirahət və bayram günlərində işlədilməsi, eləcə də ezamiyyətə göndərilməsi qadağandır. Onların ağır, zərərli və təhlükəli işlərə, yeraltı işlərə, həmçinin sağlamlığına və mənəvi inkişafına mənfi təsir göstərə biləcək fəaliyyətlərə cəlb edilməsinə də icazə verilmir.


Bundan başqa, uşağın işləməsi onun təhsil almasına mane olmamalıdır. 18 yaşına çatmayan şəxslər işə qəbul edilməzdən əvvəl tibbi müayinədən keçirilməli, 18 yaşına çatanadək isə hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidirlər. Onlara sınaq müddəti tətbiq edilmir və attestasiya keçirilmir.


Yetkinlik yaşına çatmayanların istirahət hüququ da qanunvericiliklə qorunur. Belə ki, 16 yaşınadək işçilərə azı 42 təqvim günü, 16-18 yaş arasında olan işçilərə isə azı 35 təqvim günü əmək məzuniyyəti verilir. Onlar bu məzuniyyətdən özləri üçün əlverişli vaxtda istifadə edə bilərlər.


Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, əsas məqsəd uşaqların əmək fəaliyyətinin onların sağlamlığına, təhlükəsizliyinə, təhsilinə və inkişafına zərər vurmamasını təmin etməkdir. İşəgötürənlər qanunvericiliklə müəyyən edilmiş tələblərə və təminatlara əməl etməyə borcludurlar.


Aytac Əliyeva



Telegram kanalımız