Azərbaycanda gündəlik alış-veriş üçün ayrılan pulun əvvəlki kimi çatmamasının səbəblərindən biri ərzaq və xidmət qiymətlərinin artmasıdır. Bir neçə il əvvəl eyni məbləğə alınan məhsulların hamısını indi həmin pulla almaq mümkün deyil. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, xüsusilə ərzaq məhsullarının qiymətindəson illər ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanda qiymətlər” statistik məcmuəsindəki məlumatlara əsasən, 2020–2024-cü illərdə istehlak bazarında ümumi qiymət səviyyəsi təxminən 35 faiz yüksəlib. Bu dövrdə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı isə 43 faizdən çox olub.
Statistik göstəricilərə görə, ən kəskin bahalaşma tərəvəz məhsullarında müşahidə edilib. 2020-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlər üzrə qiymət indeksi təxminən 119 faiz yüksəlib. Başqa sözlə, tərəvəz məhsullarının qiymət səviyyəsi həmin dövrdə iki dəfədən çox artıb. Toyuqlu pizza
Meyvələrin qiymət indeksi təxminən 48 faiz, çörək, çörək məmulatları və yarma məhsulları üzrə göstərici 35,5 faiz, ət və ət məhsulları üzrə göstərici 31,6 faiz artıb. Süd məhsulları və yumurta üzrə qiymət indeksi də eyni dövrdə təxminən 27,6 faiz yüksəlib.
Yağ məhsullarında da bahalaşma qeydə alınıb. Kərə və bitki yağları üzrə qiymət indeksi 2020–2024-cü illərdə təxminən 25 faiz artıb. Şəkər, mürəbbə, bal, şokolad və konfetlər üzrə artım isə təxminən 33,4 faiz təşkil edib.
Qeyri-ərzaq məhsulları və xidmətlərdə də qiymət artımı olub. Geyim üzrə qiymət indeksi 2020-2024-cü illərdə təxminən 19,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə ümumi göstərici isə 31,4 faiz yüksəlib.
Bahalaşmanın ailə büdcəsinə təsirini sadə nümunə ilə də izah etmək mümkündür. 2020-ci ildə 100 manata alınan eyni ərzaq səbətinin qiyməti qida məhsulları üzrə ümumi qiymət indeksinin dəyişməsinə uyğun olaraq 2024-cü ildə təxminən 143 manata çata bilərdi. Bu, rəsmi orta göstəriciyə əsaslanan şərti hesablamadır, ailənin aldığı məhsulların növü və miqdarı nəticəni dəyişə bilər.
Qiymət artımı 2025-ci ildə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin ilin yanvar-dekabr aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə artım 6,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 6,5 faiz olub.
2026-cı ildə də Azərbaycanda qiymətlər artmaqda davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib. Ən çox bahalaşma ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qeydə alınıb. Bu məhsulların qiymətləri bir il ərzində 6,9 faiz artıb. Ərzaqdan kənar məhsullar 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,5 faiz bahalaşıb.
Sentyabr ayında qiymətlər əvvəlki ayla müqayisədə 0,9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 5,5 faiz artıb. Ayrı-ayrı məhsullar üzrə dəyişikliklər də qeydə alınıb. Sentyabrda mal, qoyun və toyuq əti, yumurta, balıq, pomidor, xiyar, kartof, soğan və bir sıra digər məhsulların qiymətləri əvvəlki ayla müqayisədə yüksəlib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız