Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp video mesajlarında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin rəsmi olaraq istifadəyə verildiyini elan ediblər.


"Yeni Sabah" xəbər verir ki, Ermənistanın Baş naziri bildirib:


"TRIPP layihəsinin və Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə həyata keçirilən regional blokadanın aradan qaldırılmasının praktik mərhələsinin istifadəyə verildiyini elan etmək böyük şərəfdir ki, bu da Ermənistanın müasir tarixində tarixi bir hadisədir. Biz Ermənistanın müstəqillik qazanmasından bəri ən böyük iqtisadi proqramı işə salırıq". Elektronika məhsulları


Paşinyanın sözlərinə görə, TRIPP layihəsi Cənubi Qafqazda hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam hörmət əsasında fasiləsiz multimodal tranzit əlaqələri yaratmağı hədəfləyir:


“TRIPP, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu və Qərb-Şərq nəqliyyat əlaqəsini canlandıraraq böyük regional və beynəlxalq əhəmiyyətə malik olacaq. Sülhün təmin edilməsi ilə yanaşı (Ermənistan və Azərbaycan arasında - red.), TRIPP layihəsi Ermənistanın iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət kəsb edəcək və eyni zamanda Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək, çünki bu, ölkəmizin mövqeyini artıracaq və Ermənistanın sabitliyi və təhlükəsizliyinin təmin edilməsində maraqlı tərəflərin dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək”.


ABŞ Prezidenti Tramp Paşinyanı “cəsarətli liderliyi” münasibətilə təbrik edib:


“O, sülh yolunu seçib və Ermənistanla Azərbaycan arasında uzanan münaqişəyə son qoymaq üçün bizimlə birlikdə çalışıb. 35 ildən çoxdur ki, bu münaqişə saysız-hesabsız əzablara səbəb olub və bir çoxları həll yolu tapmağa çalışıb, amma uğursuz olub. Amma biz bunu etdik və keçən il Ağ Evdə tarixi bir sülh müqaviləsi imzaladıq”.


Trampın sözlərinə görə, TRIPP layihəsi çərçivəsində ABŞ-Ermənistan tərəfdaşlığı mallar və enerji axınları üçün yeni ticarət yolları yaradacaq: “Biz onun möhtəşəm uğurunu təmin etməkdə qərarlıyıq”.


ABŞ Prezidenti N.Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət edib.



Telegram kanalımız