Son illərdə virtual münasibətlər xüsusilə gənclər arasında geniş yayılıb və insanların ilkin mərhələdə özünü daha rahat ifadə etməsinə imkan verir. Bu tip əlaqələr həm real emosional bağlılığa təsir göstərə, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər. İnsanlar çox vaxt real insanı deyil, beynində yaratdıqları “ideal obrazı” sevməyə başlayır, bu isə emosional asılılığa və real həyatda münasibət qurmaqda çətinliklərə səbəb ola bilər. Özünü tək hiss etmək, yalnız mesajlara bağlanmaq və real ünsiyyətdən qaçmaq kimi hallar virtual münasibətləri riskli hesab etmək üçün siqnal ola bilər.




Sfera.az-a danışan psixoloq Ofelya Məmmədova bildirib ki, virtual münasibətlər insanlara ilkin mərhələdə özünü daha rahat ifadə etmək imkanı verir:




“Real həyatda deməyə çətinlik çəkdikləri sözləri yazışma zamanı daha asan bölüşürlər. Bu səbəbdən bağlılıq prosesi tez başlaya bilər. Lakin burada bir təhlükə var: insanlar çox vaxt real insanı deyil, beynində yaratdıqları “ideal obrazı” sevməyə başlayırlar”.


 


Onun sözlərinə görə, bu bağlılığın müsbət tərəfləri də var. Psixoloq söylədi ki, insan özünü tək hiss etmir, dəstək görür və ünsiyyət daha rahat olur. 




Psixoloq qeyd edib ki, amma mənfi tərəfləri daha çoxdur:




“Saniyələrlə telefona baxıb “niyə yazmır?” deyə stres yaşamaq, düşüncələrin dağılması və işlərin yarımçıq qalması, real münasibətlərdən qaçmaq və emosional asılılığın yaranması, yəni insanın əhval-ruhiyyəsinin yalnız mesajlarla tənzimlənməsi, bunlar virtual münasibətlərin riskləridir”.


 





Müsahibimiz bildirib ki, bu hallardan biri varsa, bu münasibət artıq təhlükə siqnalıdır:




“Özünüzü tək hiss edirsinizsə və tanımadığınız bir insana danışdıqca ona daha çox bağlanırsınızsa, bu bağlılıq deyil, boşluğu doldurma cəhdidir. Virtual münasibət real həyatda münasibət qurmağa mane olur və belə vəziyyətlər psixoloji asılılıq olaraq qiymətləndirilir, ciddi emosional yük yarada bilər”.


 


 


Psixoloq Dilruba Həsənova isə qeyd edib ki, virtual münasibətlər müasir dövrdə insanların gündəlik həyatının adi bir hissəsinə çevrilmişdir:

 


“Mesajlaşma, videozənglər və sosial şəbəkələr vasitəsilə yaranan bu ünsiyyət forması bəzən real münasibətlər qədər emosional görünə bilir. Belə əlaqələr sosial dəstək yaradır, insanın tənha qalmasının qarşısını alır və duyğuların ifadəsini asanlaşdırır”.




Psixoloq bildirib ki, virtual münasibətlərdə qarşı tərəfi tam tanımamaq, yalnız təqdim olunan məlumata əsasən fikir formalaşdırmaq müəyyən risklər yaradır:




“İnsan qarşısındakı şəxs haqqında ideal bir təsəvvür yarada və onu olduğundan daha mükəmməl şəkildə qavraya bilər. Bu isə sonradan məyusluq, gərginlik və emosional asılılıq kimi problemlərin yaranmasına səbəb ola bilər. Mesajlara həddindən artıq bağlılıq, cavab gözləməkdən doğan narahatlıq və real həyatdan uzaqlaşma virtual münasibətlərin yaratdığı əsas fəsadlar arasındadır”.




Müsahibimiz deyib ki, virtual münasibətlər xüsusilə o hallarda təhlükəli xarakter alır ki, qarşı tərəfin kimliyi və niyyəti aydın deyil, real görüş mümkün olmur və münasibət yalnız mesajlaşma ilə davam edir:




“Bu zaman manipulyasiya və digər neqativ hallar da özünü göstərə bilər. Ən narahatedici məqam isə virtual ünsiyyətin real sosial həyatı əvəz etməyə başlamasıdır”.


 





D.Həsənovanın sözlərinə görə, müasir dövrdə virtual münasibətlərdən tamamilə uzaqlaşmaq mümkün deyil:




“Lakin onları sağlam sərhədlərlə idarə etmək vacibdir. Real həyat, dostlarla görüşlər, hobbilər, iş və ailə münasibətləri hər zaman əsas olmalıdır. Virtual münasibət real həyat fəaliyyətlərini geri plana atmağa başlayırsa, bu, balansın pozulduğunu göstərir”.




D. Həsənova vurğulayıb ki, ümumilikdə, virtual münasibətlər düzgün şəkildə idarə edildikdə faydalı ola bilər:




“Lakin sərhədsiz və real həyatı əvəz edən formaya keçdikdə psixoloji çətinliklərə səbəb olur. Balans yaratmaq, insanı real şəraitdə tanımaq və emosional sərhədləri qorumaq bu münasibətlərin sağlam şəkildə davam etdirilməsi üçün əsas şərtlərdir”.

 


 


Niyaz Hacıyev

Sfera.az