Son aylarda ABŞ-nin bütün səylərinə baxmayaraq Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq mümkün olmayıb. İddialara görə bunun əsas səbəbi müharibənin əsas aktorlarından olan Çinlə razılaşmanın əldə olunmamasıdır. Qərb analitikləri hesab edir ki, müharibənin daha tez həll olunması müəyyən mənada Çinin mövqeyindən asılıdır. Beynəlxalq şərhçilər bildiriblər ki, əgər ABŞ və Çin arasında bu məsələ ilə bağlı siyasi razılaşma əldə edilsə, döyüşlərin dayandırılması real ola bilər. Lakin prosesin bu qədər sadə görünməsinə baxmayaraq, Vaşinqtonun Pekinlə danışıqlara getməməsinin həm geosiyasi rəqabət, həm də strateji maraqlarla bağlı dərin səbəbləri var. 


 


ABŞ bu məsələyə görə Çinlə niyə danışığa getmir?


 


Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.


 


O, Ukrayna böhranının həllinin Çinin mövqeyindən asılı olduğuna dair iddiaların yeni olmadığını bildirib:




“Müharibənin başlamasından keçən dövr ərzində bu istiqamətdə fikirlər daim səslənib. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski də münaqişənin daha tez həlli üçün Çinin mövqeyinin əsas olduğuna dair bəyanatla çıxış edib. Bu yanaşma müəyyən əsasa malik olsa da, məsələnin yalnız “ABŞ Çinlə razılaşsa, müharibə dayanar” kimi sadələşdirilməsi reallığı tam əks etdirmir. Çünki proses həm regional, həm də qlobal qüvvələr balansı baxımından daha mürəkkəbdir”.


 





Onun sözlərinə görə, Çinin Ukrayna məsələsində potensial təsir imkanlarının olması ilk növbədə Pekinin Moskva üzərindəki iqtisadi və diplomatik təsirindən qaynaqlanıb:




“Rusiya Qərbin sanksiya təzyiqi altında qaldığı üçün Çin onun üçün əsas ticari, texnoloji və siyasi dəstək mənbələrindən birinə çevrilib. Bu isə Pekinə Moskva ilə münasibətlərində müəyyən təsir gücü qazandırır. Nəzəri baxımdan, Çin Rusiyaya müharibənin dayandırılmasının iqtisadi və siyasi cəhətdən daha məntiqli olduğunu təlqin edə və bununla da Kremlə müəyyən güzəştlərə getmək üçün motivasiya yarada bilər. Lakin Çin faktiki olaraq “münaqişəni həll edən əsas güc” rolunda çıxış etmək niyyətində deyil. Pekin həm Ukraynanın ərazi bütövlüyü məsələsini, həm də özünün Tayvanla bağlı prinsipial mövqeyini balanslaşdırmaqda çətinlik çəkir. Bundan əlavə, Çin üçün Rusiya Qərbə qarşı strateji balansda mühüm tərəfdaşdır və Pekin Moskva ilə münasibətləri zədələmək istəmir”.




Politoloq bildirib ki, məsələnin digər tərəfi ABŞ və Çin arasında mövcud olan geosiyasi rəqabətlə bağlıdır:




“Bu rəqabət hər keçən gün dərinləşir və belə bir şəraitdə Vaşinqton Pekinin vasitəçiliyi ilə əldə olunacaq sülh modelinin ABŞ-nin maraqlarına nə dərəcədə uyğun olacağına şübhə ilə yanaşır. Ümumilikdə, müxtəlif münaqişələrdə Çinin mövqeyinə diqqət yetirdikdə görünür ki, Pekin daha çox atəşkəsə və “dondurulmuş münaqişə” modelinə üstünlük verir. Bu isə hazırkı mərhələdə Rusiyanın maraqlarına uyğun deyil. Rusiya atəşkəsə müsbət yanaşmır, işğal altındakı ərazilərin Rusiya ərazisi kimi tanınmasını və bunun fonunda sülh sazişinin imzalanmasını tələb edir. Bu variant isə Ukrayna üçün qəbuledilməzdir. Digər tərəfdən, Çin ABŞ ilə bu məsələ üzrə birbaşa razılaşmanın onun qlobal imicinə necə təsir edəcəyini də nəzərə alır. Pekin “neytral vasitəçi” obrazını qorumağa çalışır və ABŞ ilə birgə hərəkət etmək bu imici sarsıda bilər. Buna görə həm ABŞ, həm də Çin Ukrayna böhranı ilə bağlı əməkdaşlığa ehtiyatla yanaşır. Çin Ukrayna müharibəsinin gedişinə dolayı təsir göstərə biləcək imkanlara malik olsa da, müharibənin açarı yalnız Pekinin əlində deyil. Vaşinqton və Pekin arasındakı fundamental rəqabət, Rusiyanın strateji hesablamaları və Ukraynanın mövqeyi prosesi çoxcəhətli və mürəkkəb edir. Bu mənada ABŞ ilə Çin arasında mümkün bir razılaşma münaqişəni müəyyən qədər yumşalda bilər, lakin onu avtomatik şəkildə dayandıracağı real görünmür”.




Bəsti Rəfizadə

Sfera.az