ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin sözlərinə görə, prezident Donald Tramp Ukraynanı sülh sazişinə razı salmaq üçün hansı təsir mexanizmlərindən istifadə etməyi yaxşı bilir.


 


Bu açıqlama Vaşinqtonun münaqişənin gələcək istiqamətinə təsir imkanları və regiondakı güc balansında mümkün dəyişikliklərlə bağlı sualları yenidən gündəmə gətirib.


 


Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Donald Trampın Ukraynanı sülh sazişinə razı salmaq üçün istifadə edə biləcəyi əsas vasitələr ilk növbədə siyasi və hərbi dəstək mexanizmləri ilə bağlıdır.


 



 


Onun sözlərinə görə, ABŞ-nin hərbi yardımları Ukraynanın müdafiə qabiliyyətinin əsas dayaqlarından biri olduğuna görə bu sahədə atılacaq istənilən addım Kiyev üçün ciddi təsir alətidir:


 


“Silah tədarükünün həcmi və tempi Vaşinqtonun əlində ən güclü təzyiq rıçaqlarından biri hesab olunur. Digər mühüm vasitə maliyyə dəstəyi və beynəlxalq kredit mexanizmlərinə çıxışın koordinasiyasıdır. ABŞ bu istiqamətdə mövqeyini dəyişərsə, Ukraynanın iqtisadi dayanıqlığı birbaşa təsirə məruz qala bilər. Diplomatik kanallar vasitəsilə Kiyevin tərəfdaşları ilə əlaqələrinin istiqamətləndirilməsi də mühüm təzyiq vasitəsi sayılır. Eyni zamanda, təhlükəsizlik zəmanətləri ilə bağlı verilən vədlər sülh danışıqlarında əsas stimullaşdırıcı faktor ola bilər”.


 


Politoloq qeyd edib ki, ABŞ-nin NATO müttəfiqləri üzərindəki siyasi təsiri də Ukraynanın manevr imkanlarını formalaşdıran amillərdəndir:


 


“Bu alətlərin istifadəsi regiondakı güc balansına birbaşa təsir göstərə bilər. Ukraynanın hərbi və siyasi mövqelərinin zəifləməsi Rusiyanın danışıqlardakı mövqeyini gücləndirə bilər. Digər tərəfdən, Vaşinqtonun sülh təşəbbüslərinə aktiv şəkildə qoşulması münaqişənin hərbi fazadan siyasi müstəviyə keçidini sürətləndirə bilər. Bu proses Avropanın təhlükəsizlik arxitekturasında da yeni reallıqlar yarada bilər. ABŞ-nin təzyiq alətlərindən necə və hansı dozada istifadə edəcəyi regional sabitlik baxımından həlledici olacaq. Kəskin təzyiq Ukrayna daxilində siyasi gərginliyi artıra bilər. Daha balanslı yanaşma isə danışıqlar üçün əlavə imkanlar yarada bilər. Nəticə etibarilə, Trampın ixtiyarında olan vasitələr təkcə Ukraynaya deyil, bütövlükdə Şərqi Avropadakı geosiyasi tarazlığa təsir etmək potensialına malikdir”.


 


Niyaz Hacıyev


Sfera.az