Ötən il Azərbaycanda reklam bazarının ümumi həcmi əhəmiyyətli dərəcədə genişlənib. Rəqəmlərə əsasən, 2024-cü ildə reklamın satışından və xidmətlərin göstərilməsindən əldə olunan gəlir 261 milyon manata çatıb. 2023-cü illə müqayisədə reklam bazarının həcmində 60 milyon manat və ya 30 faiz artım qeydə alınıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirin böyük hissəsini reklam fəaliyyəti nəticəsində əldə olunan gəlir təşkil edib.
2024-cü ildə reklam fəaliyyətindən gəlir 247 milyon manat olub və əvvəlki ilə nisbətən 54 milyon manat, yaxud 29,5 faiz artıb.
Reklam fəaliyyətinin böyük hissəsini reklamın yayılması təşkil edib. Bu mənbə üzrə gəlirin həcmi 110 milyon manatı ötüb.
Yayımla bağlı gəlirlərin daha çox hissəsi açıq məkanda reklam yayımından əldə olunub. Bu mənbə üzrə gəlir 57 milyon manatı ötüb. Kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan 40 milyon manat, nəqliyyat vasitələrində yayımlanan reklamdan 13 milyon manat gəlir əldə edilib.
Kütləvi informasiya vasitələrində yaranan gəlirin 34 milyon manatı teleradio proqramlarında, dövri mətbu nəşrlərdə, 3,9 milyon manatı yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda olub.
Bəsti Rəfizadə
Sfera.az