Gündəlik həyatımızda istifadə etdiyimiz qabyuyucu mayelər və müxtəlif təmizlik vasitələri göründüyü qədər zərərsiz deyil. Mütəxəssislərin sözlərinə görə, bu məhsulların tərkibində olan güclü kimyəvi maddələr mütləq əlcək taxılmasını tələb edir. Çünki onların tərkibindəki aktiv komponentlər dərinin qoruyucu baryerini zədələyərək erkən yaşlanmanı sürətləndirə, quruluq, çatlama, allergik reaksiyalar və digər dəri problemlərinə yol aça bilər.
Bəs doğrudanmı yuyucu mayelər bu qədər risklidir və mütəmadi istifadə zamanı dəri fəsadlarına səbəb ola bilər?
Bu haqda dermatoloq Cavad Paşabəyli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, yuyucu vasitələr və yaxud evdə istifadə etdiyimiz kimyəvi təmizlik vasitələri dərinin birbaşa yox, dolayı şəkildə yaşlanmasına təsir edə bilər:
“Yuyucu vasitələr və yaxud evdə istifadə etdiyimiz kimyəvi təmizlik vasitələri arasında elələri var ki, onlar dərinin qoruyucu bariyerini poza, nəmliyini azalda, quruluq yarada, iltihaba səbəb ola və müxtəlif xəstəliklər yarada bilər. Onlardan ən çox rast gəlinəni dəridə quruluqdur. Dəridə quruluq məhz kimyəvi maddələrdən əlcəksiz istidafə nəticəsində yaranır. Quruluqdan başqa ekzema da yarana bilər. Bu da dərinin xroniki iltihabı olub allergik xəstəliklər qrupuna daxildir. Həmçinin kontakt dermatitin yaranma riski də var”.
Bu səbəbdən mütəxəssis təmizlik vasitələrindən istifadə edərkən dərinin qorunmasına həssas yanaşmağı tövsiyə edir:
“Sadəcə təmizlik vasitələrindən istifadə edərkən maksimal dərəcədə həssas yanaşmaq lazımdır. Tərkibində boyayıcı, rəngləndirici və kimyəvi qatqıları daha az olan məhsullar seçilməlidir, həmçinin hipoallergen məhsullara üstünlük verilməlidir. Həssas dəriyə sahib olan, allergiyaya və ekzema yaranmasına meylli insanlar maksimum çalışmalıdır ki, bu maddələr birbaşa dəriyə toxunmasın. Dəri daim nəmləndirilməli, rezin əlcəklərdən istifadə olunmalıdır. Bəzən xəstələrdə allergik mənşəli reaksiyalar olduqda məsləhət görülür ki, təmas zamanı əlcəkdən əlavə maska da geyinilsin”.
C.Paşabayəli bildirib ki, bu kimi hallar yarandıqda mütləq dermatoloqa müraciət edilməli, məsləhətlər alınmalı və müxtəlif kremlər, dərmanlarla müalicə aparılmalıdır.
Bəsti Rəfizadə
Sfera.az