Avropa ölkələrinin Rusiya aktivlərinin müsadirəsinə dair razılaşma əldə etdiyi və bunun gələn həftə açıqlanacağı bildirilir. Mənbələrə görə, razılaşma dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 133 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu vəsait həm hərbi yardım, həm də bərpa işləri üçün istifadə oluna bilər. 


 


Bəs bu vəsaitin hamısı Ukraynaya verilərsə Kiyev bununla özünə lazım olan miqdarda silah-sursat əldə edə bilərmi?


 


Politoloq Züriyə Qarayeva Sfera.az-a bu barədə açıqlamasında bildirib ki, Avropa ölkələrinin dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlməsi və bu vəsaitin Ukraynaya yönəldilməsi Kiyev üçün mühüm maliyyə mənbəyi yaradacaq. 


 


Amma o, bu vəsaitin müharibənin gedişini birdəfəlik dəyişdirəcək həcmdə olmadığını da vurğuladı:


 


“133 milyard dollarlıq paket böyük rəqəm kimi görünür, lakin müasir müharibənin xərcləri, xüsusilə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, tanklar, PUA-lar və raket kompleksləri nəzərə alındıqda bu məbləğ yalnız müəyyən dövr üçün dayanıqlıq təmin edə bilər. Ukraynanın aylıq hərbi xərcləri 8-10 milyard dollar arasında dəyişir və döyüş intensivliyi artdıqca bu rəqəm daha da yüksəlir. Üstəlik, bu vəsaitin bir hissəsinin bərpa işlərinə yönəldilməsi onun hərbi ehtiyaclara tam şəkildə istifadə olunmasını məhdudlaşdıracaq. Buna görə də paket Ukraynanı gücləndirəcək, lakin onu uzunmüddətli hərbi üstünlük vəziyyətinə gətirməyəcək”.


 



Politoloq bununla belə, bu maliyyənin Ukraynanın əsas müdafiə xəttini qoruması, hava hücumundan müdafiə sistemlərini genişləndirməsi və müəyyən əməliyyat imkanlarını bərpa etməsi üçün həyati əhəmiyyət daşıdığını əlavə edib:


 


“Xüsusilə ABŞ-dən dəstəyin qeyri-müəyyən olduğu bir dövrdə Avropanın belə bir addım atması Kiyevə siyasi və psixoloji üstünlük də verir. Lakin hərbi analitiklərin hesablamalarına görə, Ukraynanın müharibədə üstün mövqeyə keçməsi üçün təkcə maliyyə deyil, davamlı sursat istehsalı, geniş koalisiya dəstəyi və yüksək texnologiyalı sistemlərin fasiləsiz təchizatı lazımdır. Yəni, aktivlərin müsadirəsi Ukraynanın çöküşünün qarşısını ala bilər, amma müharibəni Ukraynanın xeyrinə qısa müddətdə bitirə biləcək həlledici güc yaratması çətin görünür”.


 


Fidan Hacızadə

Sfera.az