Son günlər hava şəraitinin tez-tez dəyişməsi, havaların yağıntılı, mülayim, bir qədər də soyuq keçməsi müşahidə edilir. Hava şəraitindəki dəyişkənliyin insanların əhval-ruhiyyəsinə təsir etdiyi, bəzi hallarda halsızlıq və motivasiya itkisinə səbəb olduğu güman edilir.
Sfera.az-a açıqlama verən psixoloq Elgül Ağarzayeva hava dəyişikliklərinin insanın emosional vəziyyətinə birbaşa təsir göstərə biləcəyini deyib.
Onun sözlərinə görə, günəşli havalarda beyində “xoşbəxtlik hormonu” adlandırılan serotonin daha çox ifraz olunur, bu da insanın özünü enerjili və pozitiv hiss etməsinə səbəb olur:
“Buludlu, yağışlı və qapalı havalarda isə serotonin azalır, melatonin artır və bu zaman insan özünü daha yorğun, halsız və həvəssiz hiss edə bilər. Hava təzyiqinin dəyişməsi, gün işığının azalması və oksigen balansındakı fərqlər orqanizmin bioloji ritmini zəiflədə bilir. Nəticədə insanlarda yuxululuq, diqqət dağınıqlığı, motivasiya azalması və ümumi yorğunluq yaranır”.
Psixoloq dəyişkən havaların hər kəsə eyni şəkildə təsir etmədiyini də dedi:
“Xüsusilə həssas sinir sistemi olan, depressiya, xroniki yorğunluq yaşayan insanlarda hava dəyişikliyinin təsiri daha qabarıq hiss olunur. İnsanlar belə günlərdə psixoloji vəziyyətlərini qorumaq üçün gün işığından maksimum yararlanmalı, açıq havada qısa gəzintilər etməli, yuxu rejimini qorumalı, fiziki aktivliyi artırmalı və sosial əlaqələri zəiflətməməlidir. Ən önəmlisi isə bu vəziyyətin müvəqqəti olduğunu qəbul etməlidir. Qeyd etmək istərdim ki, hava dəyişir, amma insanın psixoloji davamlılığı güclüdür. Əhval düşkünlüyü uzun müddət davam edərsə, mütləq psixoloqa müraciət etmək tövsiyə olunur”.
Fidan Hacızadə
Sfera.az