Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırkı şəraitdə ölkəsinin NATO-ya daxil olmaq üçün real imkanı yoxdur.


 


Sfera.az xəbər verir ki, Ukraynanın “Strana” nəşri Zelenskidən belə sitat gətirib:


 


“Biz realistik. Biz NATO-ya qoşulmaq istəyirik, bu, ədalətlidir. Amma yaxşı bilirik ki, nə ABŞ, nə də bir sıra başqa ölkələr hələ Ukraynanı alyansda görmək istəyir. Rusiya isə, əlbəttə ki, bizi orada heç vaxt görməyəcək”.


 


Zelenski həmçinin Ukraynada seçkilər keçirməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, səsverməni 60-90 gün ərzində hazırlamaq mümkündür. Buna qədər isə Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleh Didenko bildirmişdi ki, hərbi əməliyyatlar bitdikdən sonra seçkilərin təşkili ən azı üç ay çəkə bilər.


 


Zelenskinin açıqlamasına Rusiya tərəfi də reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik açıqlamasında Ukrayna liderinin seçkilərlə bağlı dediklərini "uydurma və qaydaların saxtalaşdırılması” kimi qiymətləndirib.


 


Niyaz Hacıyev


Sfera.az