Uzun müddət tıxacda qalmaq insanların psixoloji rahatlığına ciddi təsir göstərən amillərdəndir. Hərəkətsizlik, səs-küy, nəzarət hissinin itməsi və məlumatsızlıq insanda gərginlik, əsəbilik və diqqət dağınıqlığını artırır.
Bu fonda ortaya çıxan əsas suallar isə bunlardır: Tıxacda uzun müddət qalmaq psixoloji vəziyyətə necə təsir edir? Bu vəziyyətin yaratdığı stress və emosional gərginliklə necə mübarizə aparmaq mümkündür? İnsanların belə hallarda özünü daha rahat hiss etməsi üçün hansı psixoloji yanaşmalar tövsiyə olunur?
Suallarımızı cavablandıran psixoloq Ofelya Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, tıxac, beynin nəzarət edə bilmədiyi və nə vaxt bitəcəyini bilmədiyi vəziyyət olduğuna görə insanda güclü stres yaradır. Onun sözlərinə görə, insan üçün ən böyük gərginlik mənbələrindən biri məhz nəzarətsizlik hissidir:
“Tıxacda qaldıqda “vaxtım gedir” düşüncəsi yaranır, işə, tədbirə, dərsə gecikmək qorxusu artır. Hərəkətsizlik bədəni gərginləşdirir, siqnal səsləri və səs-küy isə emosional həssaslığı yüksəldir. Bu, beyində kortizolun artmasına səbəb olur və nəticədə əsəbilik, diqqət dağınıqlığı və tez öfkələnmə baş verir. Tıxac gündəlik baş verirsə və insan bunu idarə etməyi öyrənmirsə, xroniki yorğunluq, əsəbi ton, baş ağrıları, diqqət pozuntusu və emosional tükənmə yarana bilər. Bu, gündəlik mikro-stressin yığılması deməkdir və zamanla insan özünü səbəbsiz yorğun və gərgin hiss etməyə başlayır”.
Psixoloq qeyd edib ki, bu vəziyyəti azaltmaq üçün bir neçə psixoloji yanaşma faydalıdır:
“Nəfəsi tənzimləmək, yəni daha dərin və yavaş nəfəs almaq beyinə “təhlükə yoxdur” siqnalı göndərərək gərginliyi azaldır. Düşüncə modelini dəyişmək də önəmlidir, tıxacı özünüzə cəza kimi yox, kiçik bir fasilə kimi görmək beyin panikasını sakitləşdirir. Səs mühitini dəyişmək, sakit musiqi, podkast və ya sadə səssizlik emosional yükü azaldır, çünki beyin bir səsə fokuslandıqda gərginlik avtomatik aşağı düşür. Psixoloq kimi son tövsiyəm odur ki, biz həyatda hər şeyi idarə edə bilmərik, amma öz reaksiyamızı idarə etdiyimiz anda həyat bizim üçün daha yüngül və dözümlü olur”.
Niyaz Hacıyev
Sfera.az