Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya daxil olmaq üçün hazırda real şansının olmadığını açıqlayıb və seçkilərin 60-90 gün ərzində təşkil edilə biləcəyini deyib.


 


Rusiya tərəfi isə bu açıqlamaları "blef" adlandırıb. Zelenskinin bu etirafı nə dərəcədə səmimidir: o, özünəinamlıdır, yoxsa hazırda bunun real olmadığını bildiyi üçün belə açıqlama verir?


 


 


Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Zelenskinin seçkilərlə bağlı açıqlamalarını qiymətləndirərkən nəzərə almaq lazımdır ki, müharibə şəraitində seçki keçirmək həm texniki, həm də siyasi baxımdan çətin və risklidir. Onun sözlərinə görə, belə bir vəziyyətdə keçiriləcək seçkinin əsas məqsədi adətən mövcud rəhbərliyin legitimliyini qorumaq və gələcək siyasi proseslərdə sabitlik təmin etməkdir:


 



 


“Əgər seçki həyata keçirilərsə, onun nəticəsində siyasi rəqabətin məhdud olacağı, yeni güclərin hakimiyyətə gəlməsinin isə gözlənilməz olduğu ehtimal olunur. Başqa sözlə, seçki olsa belə, prosesin şəffaf və tam demokratik şəraitdə keçməsi praktik olaraq mümkün görünmür. Bu baxımdan Zelenskinin açıqlamaları həm taktiki bir mesaj, həm də daxili və beynəlxalq auditoriyaya yönəlmiş strateji açıqlama kimi qiymətləndirilə bilər”.


 


Tramp isə deyib ki, Ukraynada hökmən prezident seçkiləri olmalıdır. Avropa isə seçkilərin əleyhinədir. İndiki mərhələdə Ukrayna seçkiyə gedəcəkmi? Seçki olarsa bunun nəticəsi danışıqların gedişinə təsir edəcəkmi?


 


Politoloq Həşim Səhrablı bildirib ki, hər kəs məsələyə öz marağından yanaşır. Onun sözlərinə görə, Trampın Ukraynada seçki istəməsi də ona hesablanıb ki, cəbhədə yaşanan çətinliklərdə Ukraynaya Trampın mövqeyindən sonra beynəlxalq dəstək baxımından azalmaların müşahidə edilməsi Zelenskinin ölkə daxilindəki nüfuzuna da ciddi təsir göstərsin:


 


 



 


 


“Tramp yaxşı başa düşür ki, Zelenski Ukraynanın dövlət maraqlarında güzşətə getmək istəmir. Burada artıq yeni prezident lazımdır ki, ölkənin başına keçsin və o, xaricdən edilən diqtələrlə hərəkət etsin. Avropa isə yaxşı başa düşür ki, Trampın bu niyyəti ABŞ-nin maraqlarına uyğun olsa da, təhlükəsizlik baxımından Qərbin maraqlarına ziddir”.


 


Politoloq qeyd edib ki, hazırkı Ukrayna hakimiyyəti ölkənin konstitusiya quruluşunu əsas gətirərək, müharibə zamanı yeni seçkilərin keçirilməsi məsələsinin mümkün olmadığını ön plana atmaqla, yenidən atəşkəsə, sülhə qədər seçkilərin vaxtının uzadılması nöqtəsində dayanacaq:


 


“Çünki, indiki hakimiyyət özü də yaxşı başa düşür ki, onların ya Amerika meyilli, ya da Rusiya meyilli qüvvələrlə dəyişilməsi, əslində Ukraynanın maraqlarına zidd olan müqaviləyə imza atılması ilə nəticələnəcək. Ona görə də, Ukraynanın seçkiyə getməsi çoxda inandırıcı görünmür. Bunun üçün ya Zelenskiyə qarşı hərbi müdaxilə, çevriliş cəhdi olmalıdır, ya da ABŞ-nin dəstəyi ilə narazı kütləni küçələrə çıxarmaqla hakimiyyətdən getməlidir. Ona görə də, seçkilərin olma ehtimalı olmadığı üçün, nələrin baş verəcəyindən danışmaq tezdir. Amma atəşkəs, sülh müqaviləsi olarsa və bundan sonra seçkilər keçirilərsə, bundan sonra Zelenskiyə ideal bir namizəd çıxarsa, məğlub olacaq. Amma indiki məqamda seçkilər gözlənilmir. Nə Zelenski bu qədər asan təslim olacaq, nə də Qərb dövlətləri buna razı olacaq. Çünki bu, ümumavropa təhlükəsizliyini içinə alacaq qədər ciddi məsələdir”.


 


Niyaz Hacıyev


Sfera.az