“Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda imzalanan sülh sazişi Avropa İttifaqı üçün də geniş əməkdaşlıq imkanları açır”.
Bu sözləri Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı söyləyib.
Maraqlıdır, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi Avropa İttifaqına (Aİ) Cənubi Qafqazda hansı geosiyasi və iqtisadi dividentlər gətirəcək?
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Almaniya kanslerinin son açıqlaması Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik fonunda verilmiş mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər:
“Bu bəyanat həm regiondakı proseslərə, həm də Aİ-nin yeni geosiyasi prioritetlərinə işarə edir. Son illər Aİ-nin Mərkəzi Asiya ölkələri ilə yetərli siyasi və iqtisadi əlaqələr qura bilməməsi, indi isə bölgədə yaranan yeni imkanları dəyərləndirmək istəməsi diqqətdən yayınmır. Avropa üçün hazırda əsas məqsəd həm Mərkəzi Asiya, həm də Çinlə dayanıqlı ticarət və enerji xəttinin qurulmasıdır. Bu isə birbaşa tranzit marşrutlarının açılmasına bağlıdır, söhbətin mərkəzində də məhz Zəngəzur dəhlizi dayanır”.
Ekspertin sözlərinə əsasən, Zəngəzur dəhlizinin açılması, yalnız Azərbaycan-Ermənistan üçün vacib deyil, Aİ üçün də önəm kəsb edir:
“Azərbaycan uzun müddətdir bildirirdi ki, Zəngəzur dəhlizinin açılması yalnız Bakı-İrəvan münasibətlərinin tərkib hissəsi deyil, geniş geosiyasi əhəmiyyət daşıyan beynəlxalq layihədir. Rəsmi Bakının vurğuladığı kimi, bu marşrut təkcə region dövlətlərini deyil, Şərqlə Qərbi birləşdirəcək qlobal ticarət arteriyasını formalaşdıracaq. İndiki mərhələdə Almaniyanın və ümumilikdə Aİ-nin bu məsələyə maraq göstərməsi də təsdiq edir ki, Bakı uzun müddət doğru hədəfi göstərib. Zəngəzur dəhlizinin açılması həm Azərbaycan-Ermənistan münaqişəsinə son qoyulmasını, həm də bölgədə nəqliyyat infrastrukturunun yenilənməsini sürətləndirəcək. Bu dəhliz təkcə iki ölkə arasında münasibətlərin normallaşması üçün deyil, beynəlxalq ticarət sisteminin yeni xəritəsinin formalaşması üçün həlledici addım hesab olunur”.
Zeynal Əmrəliyev Almaniyanın bu layihəyə açıq dəstək verməsinin xüsusi diqqət çəkdiyini vurğulayıb:
“Federal kanslerin bəyanatı Berlinin dəhlizin açılmasından məmnun olduğunu göstərir və bu, Almaniyanın son illər Mərkəzi Asiya və Çinlə əlaqələrini gücləndirmə strategiyası ilə üst-üstə düşür. Beləliklə, Aİ-nin ən güclü ölkələrindən biri olan Almaniyanın mövqeyi Zəngəzur dəhlizinin regional layihədən çıxaraq beynəlxalq əhəmiyyət kəsb edən qlobal kommunikasiyaya çevrildiyini təsdiqləyir. Bu yanaşma həm dövlətlərarası münasibətlər müstəvisində yeni mərhələnin başlanmasını, həm də beynəlxalq münasibətlərdə Zəngəzur dəhlizinin strateji rolunun artdığını göstərir”.
Məsələ ilə bağlı açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə əsasən, bir müddət əvvəl Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət Fransa liderliyindəki Avropa İttifaqı ilə Tramp administrasiyasının arasında açıq şəkildə hiss olunurdu:
“Paris çalışırdı ki, bölgədə Aİ-nin maraqlarını özündə ehtiva edən proseslər güclənsin və “sülh kəsişməsi” kimi layihələrin aktuallığı qorunsun. Bu addımlar həm iqtisadi, həm də geosiyasi maraqların bölgədə möhkəmləndirilməsi məqsədi daşıyırdı. Lakin proseslər Azərbaycanın prinsipial mövqeyi fonunda fərqli istiqamətdə inkişaf etdi. Bakının uzaq perspektivli strateji yanaşmasının nəticəsi olaraq Vaşinqton Bəyannaməsi imzalandı və Zəngəzur dəhlizinin açılması ilə bağlı real perspektiv formalaşdı. Bu mərhələdən sonra Avropa İttifaqı yeni situasiyanı qəbul edərək siyasətini reallığa uyğunlaşdırmaq məcburiyyətində qaldı. Artıq Brüssel Tramp administrasiyasının təqdim etdiyi Orta Dəhliz modelinin Avropa üçün iqtisadi üstünlüklər daşıdığını anlayaraq, öz maraqlarını bu xətt üzərindən təmin etməyə çalışır”.
Əli Zülfüqaroğlu Azərbaycanın artıq bölgənin müəyyənedici aktoru olduğunu bildirib:
“Görünən odur ki, Aİ reallığı qəbul etməklə yanaşı, bölgədə mövcudluğunu qorumaq üçün müxtəlif siyasi və iqtisadi təzyiq alətləri formalaşdırmağa cəhd edəcək. Lakin indiki geosiyasi mənzərə əvvəlki kimi deyil. Azərbaycan artıq bölgənin müəyyənedici aktorudur və onun iradəsi nəzərə alınmadan Cənubi Qafqazda heç bir prosesin reallaşması mümkün deyil. Bu baxımdan Avropa İttifaqının növbəti mərhələdə əsas hədəfi Azərbaycanla münasibətləri müsbət saxlamaq olacaq. Bakı ədalətli mövqeyi, dövlət maraqlarına və beynəlxalq hüquqa əsaslanan siyasəti sayəsində prosesləri öz şərtləri daxilində aparmağa davam edəcək və böyük ölçüdə buna nail olacaq. Vaşinqton Bəyannaməsi ilə Azərbaycan bölgədə yeni reallığı təsdiqləyib. Bundan sonra Ermənistanın bu prosesə qarşı pozucu addım atmaq imkanları faktiki olaraq yox dərəcəsindədir. Aİ-nin də bu reallıqla hesablaşmaqdan başqa alternativi qalmayıb, regiondakı iqtisadi və siyasi maraqlarının qorunması üçün Brüssel Bakının mövqeyi ilə uzlaşmağa məcburdur”.
Bəsti Rəfizadə
Sfera.az