Asiya-Sakit okean regionunda Yaponiya, Çin və Rusiya arasında hərbi gərginlik son günlər daha da kəskin xarakter alıb. Yaponiyanın hava sərhədlərinə yaxın zonalarda Rusiya və Çinə məxsus hərbi təyyarələrin görünməsi Tokionu təcili şəkildə qırıcıları havaya qaldırmağa vadar edib. Xüsusilə Çin “J-15” qırıcılarının Yaponiyanın hərbi təyyarələrinə radar kilidi atması Tokio tərəfindən “təhlükəli və qəbuledilməz” addım kimi qiymətləndirilib. Paralel olaraq Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına 9 Çin və Rusiya təyyarəsinin daxil olması bölgədə koordinasiyalı hava aktivliyinin artdığını göstərib.
Bu proses fonunda Moskva və Pekinin Ukrayna müharibəsindən diqqəti yayındırmaq üçün yeni gərginlik ocaqları yaratmaq ehtimalı müzakirə edilir. Kamboca-Tailand xəttindəki son gərginlik də regionda risklərin yüksəldiyinə işarə sayılır. Bütün bunlar Çin və Rusiyanın eyni vaxtda intensiv hərbi manevrlərinin Asiya-Sakit okean məkanında təzyiq strategiyasının bir hissəsi ola biləcəyi ehtimalını gündəmə gətirib.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, mövcud geosiyasi proseslər göstərir ki, yeni dünya nizamının formalaşması qaçınılmaz şəkildə müəyyən kataklizmləri də özü ilə gətirir.
Onun sözlərinə əsasən, qlobal güc balansı yenidən qurulur və bu mərhələ təbii olaraq ciddi çəkişmələr, rəqabətlər və qarşıdurmalarla müşayiət olunur:
“Dünya ictimaiyyəti illərdir ehtiyat etdiyi yeni qlobal müharibə təhlükəsini bu fonda xatırladır. Bununla belə, hazırkı dünya iqtisadiyyatı, istər Avropa, istər ABŞ, istərsə də Çin daxilində mövcud iqtisadi çətinliklər böyükmiqyaslı müharibəni daşıya biləcək gücdə deyil. Bunun əsas səbəblərindən biri də odur ki, güc nümayişi nə qədər nəzarətli olsa da, beynəlxalq münasibətlər sistemində ABŞ-nin hegemonluğuna ən böyük çağırış Çindən gəlir. Ukrayna müharibəsi ilə bağlı Vaşinqton və Moskva arasında zaman-zaman müşahidə edilən dialoq axtarışlarının mahiyyəti də məhz buna dayanır. ABŞ Rusiyanı Çindən uzaqlaşdırmağa, daha yaxın münasibətlər quraraq Çin məsələsində Moskvanı öz tərəfinə çəkməyə çalışır. Çünki Rusiya təzyiqə məruz qaldıqca Pekinlə daha sıx əməkdaşlığa gedir və bu əməkdaşlıq hərbi sferaya keçdikdə qlobal miqyasda ciddi problem yaradır”.
Ekspert hazırkı münaqişə vəziyyətində proseslərin mərkəzinin Pasifik, yəni Asiya-Sakit okean hövzəsi olduğunu bildirib:
“Burada güc nümayişinin motivlərindən biri dənizlərə və limanlara nəzarət əldə etmək, həm də mümkün qarşılıqlı təcavüz və müdaxilə halında tərəflərin hansı imkanlara malik olduğunu göstərməkdir. Yaponiya, Cənubi Koreya və ABŞ bir blok kimi görünərkən, Çin, Şimali Koreya və Rusiya hərbi əməkdaşlığı daha da dərinləşdirir. Bu proses, əslində, açıq şəkildə yeni bloklaşmaya doğru gedən geosiyasi xətti formalaşdırır. Bunun fonunda ABŞ-nin “Tramp doktrinası” adlandırılan yeni milli təhlükəsizlik strategiyası da diqqət çəkir. Sənəddə Çinlə açıq hərbi qarşıdurmadan çəkinmək, rəqabəti daha çox iqtisadi və texnoloji müstəvidə aparmaq tendensiyası hiss olunur. Bu baxımdan bölgədəki hərbi aktivlik daha çox güc nümayişi, qarşı tərəfə siyasi və strateji mesaj xarakteri daşıyır”.
T.Nüsrətoğlunun fikrincə, böyük güclərin münaqişəsi yalnız bir regionla məhdudlaşmayacaq:
"“Proxy” güclər üzərindən müxtəlif bölgələrdə oxşar geosiyasi çarpışmalar davam edəcək. Ümumilikdə, baş verənlərin hamısını yeni dünya nizamının qurulması prosesində yaranan güc təzahürləri kimi qiymətləndirmək mümkündür”.
Bəsti Rəfizadə
Sfera.az