Dövlət başçılarının səhhəti dünya siyasətində ən həssas mövzulardan biri olaraq qalır. Bir çox ölkədə liderlərin real sağlamlıq durumu ictimaiyyətdən gizlədilir, məlumatlar yalnız illər sonra açıqlanır.


 


Ekspertlər bildirirlər ki, belə gizlilik həm ölkədaxili idarəetməyə, həm də beynəlxalq münasibətlərə birbaşa təsir göstərir.


 


Bəs niyə dünya liderləri xəstəliklərini gizlədir?


 


Sfera.az bu mövzunu araşdıraraq tarixi faktları, müasir nümunələri və bu praktikanın siyasi nəticələrini təqdim edir:


 


Araşdırmalar göstərir ki, bunun üç əsas səbəbi var. Bunlardan biri, hakimiyyətin zəif görünməməsidir. Belə ki, liderin xəstə olması siyasi rəqiblərə fürsət yaradır. Həmçinin, təhlükəsizlik amili də rol oynayır. Xarici güclər liderin zəifliyindən istifadə edə bilər. Bunlardan başqa isə investor və bazar sabitliyinin qorunması üçün də bu addım atılır. Dövlət başçısının səhhətində problem yaranması iqtisadi dalğalanma yarada bilər. Bu səbəblərdən bir çox ölkələrdə liderin səhhəti demək olar ki, “dövlət sirri” kimi qorunur.


 


Tarixdə gizli xəstəliklərlə bağlı ən ciddi faktlar:


 


Franklin Ruzvelt - ABŞ prezidenti


 



 


Ruzvelt ağır ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər onun vəziyyətinin kritik olduğunu bilsə də, məlumat ictimaiyyətdən gizlədildi. Tarixçilərin qeyd etdiyi kimi, 1945-ci ildə Yalta Konfransında səhhətinin zəif olması kritik qərarların qəbuluna təsir göstərmişdi.


 


Fransua Mitterran - Fransa prezidenti


 



 


Ona prezident seçilməzdən az əvvəl prostat xərçəngi diaqnozu qoyulmuşdu. Bu fakt 14 il sədaqətlə gizlədildi. Mitterranın həkimi məlumatı yalnız onun ölümündən sonra açıqladı və bu, Fransada böyük siyasi rezonans yaratdı.


 


Lenin - SSRİ rəhbəri


 



 


Lenin ağır nevroloji xəstəlik keçirirdi, ciddi psixi və fiziki problemləri vardı. Sovet rəhbərliyi Leninin vəziyyətini gizlədir, onun “iş başında” olduğunu göstərmək üçün foto və videoları manipulyasiya edirdi. Onun ölümü barədə dəqiq tibbi məlumat uzun illər rəsmi arxivlərdə qapalı saxlanılmışdı.


 


İosif Stalin – Sovet lideri


 



 


Stalinin ürək və damar problemləri ciddi idi, amma SSRİ-də dövlət rəhbərlərinin xəstəlikləri barədə hər cür informasiya qadağan edilmişdi. O, insult keçirdikdən sonra kömək üçün vaxtında tibbi müdaxiləyə icazə verilməməsi, məlumatın gizlədilməsi onun ölümünü sürətləndirən əsas səbəblərdən sayılır.


 


Con F. Kennedi - ABŞ prezidenti


 



 


Rəsmi olaraq sağlam göstərilsə də, sonradan məlum oldu ki, Kennedidə Adisson xəstəliyi, xroniki bel ağrıları və immun problemləri varmış. O, güclü ağrıkəsicilərlə işləyirdi. Bu faktlar ölümündən sonra ictimaiyyətə açıqlanıb.


 


Mao Zedun - Çin lideri


 



 


Mao həyatının son illərində ağır ürək çatışmazlığı, Parkinson xəstəliyinə bənzər simptomlar və nevroloji pozuntulardan əziyyət çəkirdi. Çin rəhbərliyi bu məlumatları ciddi şəkildə gizlədirdi. Hətta onun ölüm tarixi və vəziyyəti barədə rəsmi məlumatlar illər sonra yenidən araşdırıldı.


 


Ümumiyyətlə, bir çox ölkələr gizlilik tendesiyası əsasında qapalı sistemlə işləyir. Məsələn, Şimali Koreya rəhbərləri ilə bağlı hər cür tibbi məlumat dövlət sirri sayılır. Kim Çen Inın səhhəti ilə bağlı mütəmadi şayiələr yayılır, amma heç biri rəsmi təsdiq almır. Ekspertlər bunu dünyanın ən qapalı informasiya sistemlərindən biri adlandırır. Rusiya hakimiyyəti də siyasətçilərin səhhəti haqqında məlumatları məhdud şəkildə açıqlayır. Dövlət rəsmilərinin səhhətinə dair informasiyalar yalnız rəsmi protokol çərçivəsində verilir.


 


Demokratik ölkələrdə daha çox şəffaflıq tələb olunsa da, müasir liderlərin də səhhətləri tez-tez mübahisə mövzusu olur. Məsələn, ABŞ prezidentləri seçki kampaniyası zamanı tibbi arayış təqdim etsələr də, bütün məlumatlar tam açıqlanmır. Avropanın bir çox ölkələrində liderlər xəstəlikləri barədə yalnız qismən məlumat verirlər.


 


Müşahidələr göstərir ki, liderlərin xəstəliklərini gizlətməsi üç ciddi nəticə yaradır. Belə ki, informasiya boşluğu şayiələri artırır. Mediada və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar çoxalır. Bundan başqa, siyasi manipulyasiya riski artır, daxili və xarici qüvvələr boşluqdan istifadə edə bilir. Həmçinin, dövlət idarəetməsində qeyri-müəyyənlik yaranır, qərarların kim tərəfindən verilməsi sual altına düşə bilər.


 


Dünya təcrübəsi göstərir ki, liderlərin xəstəliklərinin tam şəkildə gizlədilməsi müasir dövrdə riskli praktika hesab olunur. Şəffaflığın artdığı bir zamanda ictimaiyyət dövlət başçılarının səhhəti barədə dəqiq və rəsmi məlumat almağa daha çox ehtiyac duyur. Bu səbəbdən liderlərin sağlamlığına dair informasiyanın ən azı qismən açıqlanması dövlət sabitliyi və ictimai etimad üçün vacib hesab olunur.


 


Firuzə Əliyeva


Sfera.az