Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin rəhbəri Mixail Kaluqin qeyd edib ki, Moskva “Tramp yolu” təşəbbüsünün məzmunu və bu layihədə Rusiyanın potensial rolu ilə bağlı Ermənistanla danışıqlar aparmağa açıqdır.


 


Onun sözlərinə görə, bölgədə Rusiya dəmir yolu standartlarından istifadə olunur və layihənin əsas marşrutu Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazilərdən keçəcək.


 


Kaluqin vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması fonunda Rusiyanın iştirakı olmadan tərəfdaşların bu təşəbbüsü irəli aparması çətin görünür.


 


“Tramp yolu” layihəsinin reallaşdırılmasında Rusiyanın iştirakı niyə həlledici sayılır və Moskvanın bu təşəbbüsdə konkret rolu nə ola bilər?


 


Politoloq Zeynal Əmrəliyev mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı ABŞ-də Azərbaycan və Ermənistan arasında müəyyən razılaşma əldə olunub və prosesdə Vaşinqtonun fəal rolu nəzərdə tutulur:


 



 


“Bu çərçivədə Rusiyanın iştirakı, yəni təşəbbüskar tərəf kimi çıxış etməsi mümkün deyil. Lakin ayrı-ayrı layihələrdə rəsmi Moskvanın təmsil olunması istisna edilmir. Eyni zamanda region dövlətlərinin, eləcə də beynəlxalq ictimaiyyətin bu təşəbbüsdə yer alması ehtimalı yüksəkdir. Azərbaycan tərəfi layihənin əhəmiyyəti barədə dəfələrlə mövqeyini ifadə edib və onun qlobal tranzit marşrutları baxımından strateji rolunu xüsusi vurğulayıb. Faktiki olaraq “Tramp yolu” adlandırılan, daha çox Zəngəzur dəhlizi kimi tanınan bu xətt Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağı hesab olunur. Bu baxımdan Rusiya da layihəyə maraq göstərə bilər. Gələcək mərhələdə Moskvanın prosesə qoşulması region ölkələri arasında kommunikasiyaların qurulması baxımından ciddi əhəmiyyət daşıyır. Bununla yanaşı, digər ölkər də, İranın da bu mexanizmdə iştirak etməsi mümkündür. Türkiyənin isə böyük ehtimalla layihədə əsas tərəfdaşlardan biri olacağı gözlənilir”.


 


Z.Əmrəliyev layihənin diqqətçəkən tərəflərindən birinin də ABŞ və Çin kimi bir-birinə əks mövqedə dayanan iki böyük gücün bu təşəbbüsə maraq göstərməsi olduğunu qeyd edib:


 


“Təbii ki, ABŞ prosesdə aktiv iştirak edəcək, Çinin də bu istiqamətdə fəal rol alacağı proqnozlaşdırılır. Bu mənada gələcəkdə Rusiya və İranla prosesdə iştirak edə bilərlər bununla yanaşı, Mərkəzi Asiya ölkələri və Avropa dövlətlərinin də layihəyə cəlb olunması mümkündür. Əgər Rusiyanın iştirakı ilə bağlı Moskva və İrəvan arasında hansısa mübahisəli məqamlar mövcuddursa, bu məsələlər ikitərəfli dialoq yolu ilə həll edilə bilər. Ümumilikdə isə Rusiyanın prosesə qoşulmasının ciddi maneə yaradacağı düşünülmür. Əksinə, rəsmi Moskva layihədə müəyyən dərəcədə rol alaraq öz maraqlarını ortaya qoya bilər. Rusiyada post-müharibə mərhələsində, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın Avropa ilə münasibətlərində, eləcə də Çinlə əlaqələrində bu dəhliz strateji əhəmiyyətə malik layihələrdən biridir”.


 


Fidan Hacızadə


Sfera.az