Polşanın Baş naziri Donald Tusk jurnalistlərə bildirib ki, Ukraynanın Rusiya ilə münaqişəyə son qoymaq üçün ərazi güzəştləri ABŞ üçün təhlükəsizlik zəmanətlərinin verilməsi baxımından çox vacibdir.


 


Polşanın Baş naziri Donald Tuskun Ukraynanın ərazi güzəştləri etməsinin vacibliyini vurğulaması nəyə işarə edir?


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, Polşa Baş naziri Donald Tuskun bu tip açıqlama verməsi əslində beynəlxalq güc balansının diqtə etdiyi acı həqiqətdir və bu açıqlamanı eyni zamanda ssenarinin tərkib hissəsi kimi də yozmaq olar.


 



 


Onun sözlərinə görə, burada Polşanın Ukraynanı təslim olmağa çağırışı açıq şəkildə ifadə olunur, lakin Donald Tusk bu açıqlaması ilə reallığı dilə gətirib desək, yanılmarıq:


 


“Çünki, dediyim kimi, beynəlxalq güc balansı Ukraynanın əleyhinədir. Polşalı Baş nazirin ‘ərazi güzəştləri’ cümləsinin altında Krım və Donbasın bir hissəsi dayanır. Əlbəttə ki, cənab Tusk bu düşüncə ilə gələcəkdə Polşanın təhlükəsizliyini də qarantı altına almağı hədəfləyir. “ABŞ üçün təhlükəsizlik zəmanətlərinin verilməsi baxımından çox vacibdir” cümləsinin daxilində həmçinin Polşanın da təhlükəsizliyi dayanır. Həmçinin müharibə hər kəsi yorub və o cümlədən Qərb ölkələri də çətin duruma düşüb. Polşa isə bu vəziyyətdə daha çox ziyan görən ölkələr arasında yer alır və müharibə Polşanın iqtisadiyyatına ciddi təsir edir”.


 


Ç. Şahbazın fikrincə, Baş nazir Donald Tusk anlayır ki, ABŞ-nin dəstəyi Ukraynanın üzərindən götürülsə, rəsmi Kiyevin mövqeyi ciddi şəkildə zəifləyəcək:


 


“Ukraynanın zəifləməsi nəticəsində sıra Polşanın da ola bilər və belə bir vəziyyətdə Polşanın təhlükəsizliyi sual altına düşür. Çünki ABŞ Ukraynaya verdiyi hərtərəfli dəstəyə son versə, Ukraynaya dəstək Avropa ölkələrinin üzərinə qalacaq və belə bir vəziyyətdə Rusiyanın Avropa ölkələrinə qarşı aqressivlik nümayiş etdirməsi qaçılmaz olacaq. Bu halda Polşanı ilk qurban hesab etmək olar. Bu baxımdan cənab Donald Tusk müharibənin genişlənmə riskinin azalması kontekstində bu açıqlamanı verib. Yəni ABŞ-nin münaqişə ilə bağlı proseslərdə iştirak etməsi və proseslərə təsir imkanlarını saxlaması onu deməyə əsas verir ki, bu, idarəolunan vəziyyətdir və Avropa ölkələri üçün təhlükəsizlik baxımından ciddi riskləri aradan qaldırır. Tusk Rusiyanı ölkəsi üçün real təhlükə mənbəyi kimi görür və bu səbəbdən ABŞ-nin müharibəni idarə edən əsas qüvvə olduğunu vurğulamağa çalışır. Bu baxımdan uzunmüddətli, nəzarətsiz müharibə regionu daha da destabilizasiya edəcək və Polşanın da bu prosesə cəlb olunması ehtimalını artıracaq. Məhz buna görə Polşa Baş naziri ideal ssenari əvəzinə daha az zərərli ssenariyə üstünlük verir”.


 


Fidan Hacızadə


Sfera.az