Restoranda ofisianta boşqab vermək və ya masanı yığışdırarkən edilən kiçik kömək jestləri çox vaxt diqqətdən kənarda qalır. Lakin psixoloqlar bu davranışın sadəcə nəzakət deyil, insanın şəxsiyyətinə dair dərin ipucları verdiyini bildirirlər.
Sfera.az xəbər verir ki, gündəlik həyatın təlaşında edilən bu sadə hərəkətlər empatiyadan tutmuş sosial şüurluluğa qədər geniş bir spektrdə qiymətləndirilir. Restoranlarda insanların ofisiantlara kömək etməsi bəzən “ayıb olmasın” refleksi kimi qəbul edilsə də, mütəxəssislər bu davranışın daha çox şey ifadə etdiyini vurğulayırlar.
Boşqabları kənara çəkmək, boş qabları təhvil vermək və ya masanı təmizləyərkən əl uzatmaq kimi jestlər insanın sosial zəkası, empatiya bacarığı və ətraf mühitə qarşı həssaslığını ortaya qoyur.
Psixologiyada bu cür davranışlar prososial davranış kateqoriyasına daxildir – yəni qarşılıq gözləmədən, sadəcə ətrafdakıların işini asanlaşdırmaq üçün edilən kömək.
Mütəxəssislərə görə, bu davranışı nümayiş etdirən insanların ortaq xüsusiyyətləri bunlardır: Yüksək empatiya bacarığına malikdirlər, ətraf mühitin dinamikasını tez anlayırlar, başqalarının çətinliyini hiss edə bilirlər, sosial münasibətlərdə güclü ünsiyyət qururlar.
Bir sözlə, masadakı bu kiçik kömək əslində “ Ətrafımdan xəbərdaram” deməyin ən incə və təsirli yollarından biridir.
Aynil