Moskva yaxınlığındakı elit məktəblərdən birində baş verən dəhşətli hadisə Rusiya ictimaiyyətini sarsıdıb. 15 yaşlı Timofey adlı yeniyetmə Qorki-2 qəsəbəsində yerləşən məktəbə silahlı hücum edərək bir şagirdi qətlə yetirib.


 


Sfera.az xəbər verir ki, Timofey məktəbə bıçaqla daxil olub, əvvəlcə şagirdlərin milliyyətini soruşub, daha sonra Kobildjon adlı dördüncü sinif şagirdini bıçaqlayaraq öldürüb. Hücum zamanı o, neonasist simvolları daşıyıb və “DShRG Rusich” adlı radikal qrupun nişanını taxıb.


 


Hadisə Rublevo-Uspenskoe şossesində, prezident iqamətgahı Novo-Oqaryovoya yaxın məsafədə yerləşən Uspenskaya məktəbində baş verib. Bu məktəb 2008-ci ildə Milli Təhsil Layihəsinin qalibi olub və 2012-ci ildə Rusiya üzrə aparıcı təhsil müəssisələrinin reyestrinə daxil edilib.


 


Hücum edən şəxs 9-cu sinif şagirdi olub. O, 16 dekabrda məktəbə maska, gülləkeçirməz jilet və üzərində “ Heç bir həyat vacib deyil” yazılmış köynəklə gəlib. Üzərində Kolovrat simvolu və neonasist şüarlar olan dəbilqə daşıyıb. Bu simvollar Rusiya neonasist hərəkatının tanınmış siması Aleksey “Fritz” Milçakov və onun təsis etdiyi “Rusich” qrupu ilə əlaqələndirilir.


 


Yeniyetmə həmçinin partlayıcı maddəyə bənzər əşya ilə silahlanmışdı. Hücumdan əvvəl o, sinif yoldaşlarına “Mənim qəzəbim” adlı 10 səhifəlik manifest göndərmişdi. Məktəbdəki bəzi şagirdlər onun tez-tez nasist zarafatları etdiyini bildiriblər.


 


Qeyd edək ki, hücum baş verən Qorki-2 ərazisində milyarder Əlişir Usmanovun bacısı, Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev, eləcə də VTB bankının rəhbəri Andrey Kostinin keçmiş həyat yoldaşı kimi tanınmış şəxslərə məxsus torpaq sahələri yerləşir.


 


Aynil