Çinli milyarderlər son illərdə ABŞ-da surroqat analıq vasitəsilə onlarla uşaq sahibi olmağa başlayıblar. Bu qeyri-adi tendensiya onların gələcək planları və ailə strategiyaları barədə ciddi suallar doğurur.
Sfera.az xəbər verir ki, varlı çinli kişilər üçün övladlarını daşıyacaq və böyüdəcək qadınlar tapmaq çətin deyil. “The Wall Street Journal”ın məlumatına görə, bəzi milyarderlərin artıq 100-dən çox varisi, digərlərinin isə onlarla qızı var. Bu qızların gələcəkdə nüfuzlu və varlı ailələrə ərə verilməsi planlaşdırılır.
2023-cü ildə Los-Anceles məhkəməsi məşhur oyun şirkəti “Duoyi Network”un sahibi Xu Bo nun surroqat analardan doğulan bir neçə uşağının atalıq hüququnu tanımaqdan imtina edib. Halbuki ABŞ məhkəmələrində bu cür tanınma adətən avtomatik baş verir. Məlumata görə, Xu Bonun azı səkkiz övladı var və o, 20 uşaq sahibi olmaq niyyətindədir. Onun bəzi oğulları Kaliforniyada dayələr tərəfindən böyüdülür, lakin milyarder onlarla heç vaxt şəxsən görüşməyib.
Surroqat analıq Çində qadağandır, ABŞ-da isə əsasən qanunla tənzimlənmir. Bu səbəbdən bir çox çinli iş adamı bu fürsətdən istifadə edir. Proses o qədər sadələşdirilib ki, müştərilər çox vaxt ABŞ-a getmədən belə valideyn ola bilirlər. Spermalar xüsusi kuryerlərlə göndərilir, körpələr isə surroqat analar vasitəsilə dünyaya gəlir. Bu xidmətin dəyəri 200.000 dollara qədər ola bilər.
Bu sahədə ixtisaslaşmış klinika, hüquq firmaları və dayə agentlikləri fəaliyyət göstərir. Hətta “PayPal” və “Palantir”in təsisçisi Peter Thiel bu şəbəkəyə investisiya yatırıb.
Xu Bo sosial mediada 100-dən çox uşağının olduğunu iddia edir və açıq şəkildə oğlanlara üstünlük verdiyini bildirir. Onun fikrincə, oğlanlar qızlardan “üstündür” və gələcəkdə onun biznesini miras alacaqlar. Keçmiş sevgilisi isə onun 300 uşağı olduğunu iddia edib.
Digər bir çinli iş adamı, “XJ International” şirkətinin sahibi Vanq Huyvu, modellər və alimlərdən yumurta alaraq on qız atası olub. Onun məqsədi isə bu qızları gələcəkdə varlı və nüfuzlu kişilərlə evləndirməkdir.
ABŞ-da doğulan uşaqlar avtomatik olaraq Amerika vətəndaşlığı alırlar. Hazırda ABŞ Konqresində xarici vətəndaşların surroqat analıqdan istifadəsini məhdudlaşdıran qanun layihəsi müzakirə olunur. FTB və Daxili Təhlükəsizlik Departamenti bu sahədə bəzi surroqat analarla istintaq xarakterli müsahibələr aparıb.
Peşəkar birliklərin tövsiyəsinə görə, IVF klinikaları bir müştəri üçün eyni anda ikidən çox surroqatlıq proqramı həyata keçirməməlidir. Lakin bəzi agentliklər 40.000–50.000 dollar gəlir əldə etmək üçün bu qaydanı pozurlar.
Çində surroqat analıqla bağlı qalmaqallar da az deyil. 2021-ci ildə aktrisa Çjen Şuanq və keçmiş sevgilisi arasında ABŞ-da doğulan uşaqların qəyyumluğu ilə bağlı səs-küylü məhkəmə prosesi baş vermişdi. Aktrisa məhkəməni uduzdu, karyerasını itirdi və müflis oldu.
2023-cü ildə isə Çin Xarici İşlər Nazirinin müavini Qin Qanq nikahdankənar münasibətləri və ABŞ-da surroqat uşaq sahibi olması səbəbilə vəzifəsindən uzaqlaşdırıldı və sonradan müəmmalı şəkildə öldüyü bildirildi.
Aynil