Yeni il atributları və simvolları minilliklər boyu müxtəlif mədəniyyətlərin, dini inancların və sosial ənənələrin təsiri ilə formalaşıb. Şam ağacı, Şaxta Baba, atəşfəşanlıq, xüsusi yeməklər və zaman simvolizmi insanların yeni başlanğıc, ümid və birlik ehtiyacını ifadə edir.




Sfera.az xəbər verir ki, bu simvollar təkcə bayram ab-havası yaratmır, eyni zamanda bolluq, yenilənmə, ümid və birlik ideyalarını ifadə edir. 




Şaxta baba obrazının kökü IV əsrdə yaşamış Müqəddəs Nikolaya gedib çıxır. O, ehtiyacı olanlara gizlicə kömək etməsi ilə tanınıb. Zamanla bu obraz folklor və dini elementlərlə zənginləşərək Yeni ilin əsas simvoluna çevrilib. Şaxta baba xeyirxahlıq, səxavət, uşaqlara sevinc bəxş etmə ideyasını təmsil edir. Sovet məkanında isə o, daha çox dini məzmundan uzaqlaşdırılaraq dünyəvi Yeni il simvolu kimi təqdim olunub. Bununla yanaşı qar qız Şaxta babanın köməkçisi kimi tanınır və əsasən slavyan mifologiyasından qaynaqlanır. O, saflığın, təmizliyin və qışın rəmzidir. Qar qız obrazı bayrama yumşaqlıq, sevgi və ailə istiliyi qatmaq üçün yaradılıb. Eyni zamanda qadın zərifliyini və uşaqlara yaxınlığı simvolizə edir.




Həmçinin, Yeni ildə hədiyyə vermək ənənəsi qədim Roma dövrünə gedib çıxır. Romalılar yeni ilin ilk günlərində bir-birinə xurma, bal və ya xırda hədiyyələr verərək ilin şirin və uğurlu keçməsini arzulayırdılar. Müasir dövrdə hədiyyələşmək paylaşmaq, diqqət göstərmək və sevgi ifadə etmək anlamını daşıyır. 




Həmişəyaşıl ağaclar qədim zamanlardan həyatın davamlılığının simvolu hesab olunub. Şam ağacı qışın sərtliyinə baxmayaraq yaşıl qalması ilə ümid, yenilənmə və əbədilik rəmzidir. Almaniyada bu ənənə XVI əsrdə formalaşıb və sonradan bütün dünyaya yayılıb. Yeni il ağacında asılan oyuncaqlar əvvəllər alma, qoz və şirniyyat formasında olub. Bunlar bolluq, sağlamlıq və məhsuldarlığı simvolizə edirdi. Parlaq şarlar isə günəşi və həyat enerjisini təmsil edir. İşıqlar qaranlığa qalib gəlməyi, yeni ilin nur və ümid gətirməsini simvolizə edir. Şamlar isə qədim inanclarda ruhları qoruyan və pis enerjini uzaqlaşdıran vasitə kimi qəbul olunub. İlin dəyişdiyi an keçmişlə gələcək arasındakı sərhədi ifadə edir. Bu an insanlar arzu tutur, köhnə ildəki çətinlikləri geridə qoyduqlarına inanırlar.




Eyni zamanda, səs-küylü və parlaq atəşfəşanlıq qədim Çin inanclarına əsaslanır. Məqsəd pis ruhları qorxudub qaçırmaq və yeni ilə təmiz enerji ilə başlamaqdır. Bol süfrə ilin bərəkətli keçəcəyinə inamın göstəricisidir. Müxtəlif yeməklər bolluq, ruhi və maddi rifah arzusunu simvolizə edir.




Yeni il simvolları təkcə bayram dekorasiyası deyil, insanların əsrlər boyu formalaşdırdığı ümid, xeyirxahlıq, yenilənmə və birlik anlayışlarının ifadəsidir.




Fidan Hacızadə

Sfera.az