Elm və təhsil naziri Emin Əmrullayev yerli mediaya müsahibəsində bildirib ki, şagird çantalarının həddindən artıq ağır olması problemi Elm və Təhsil Nazirliyinə ünvanlanmamalıdır. Onun sözlərinə görə, çantaların yüklənməsi nazirliyin deyil, digər tərəflərin məsuliyyətidir. Nazir vurğulayıb ki, əgər bu məsələ hamını narahat edən ümumi problemdirsə, onun həlli də hər kəsin birgə məsuliyyəti olmalıdır.




Nazir çıxışı zamanı nəyi nəzərdə tutub? Problem necə həllini tapmalıdır? 


 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, nazirin fikirlərinin bir istiqaməti ilə razılaşmaq lazımdır: 




“Ümumiyyətlə, nə məktəbli çantalarının ağırlığı, nə şagird sıxlığı, nə də digər problemləri yalnız nazirliyin üzərinə yükləmək doğru olmaz. Nazirlik bu məsələlərdə yeganə səbəb və subyekt kimi göstərilməməlidir. Orada çox doğru bir məqam vurğulanıb ki, bu problemlər hər birimizin problemidir. Məktəbli çantalarının ağırlığı məsələsinə gəldikdə isə bu mövzu ilə bağlı dəfələrlə televiziya proqramlarında, tədbirlərdə, elektron və çap mediasında öz təkliflərimizi səsləndirmişik. Məsələ ondadır ki, məktəbli çantasının ağırlığı yalnız bir istiqamətdə problem deyil və mövzuya daha incə tərəflərdən yanaşmaq lazımdır. Məsələn, xarici ölkələrdə çantanın öz materialının çəkisinə belə qramına qədər diqqət yetirilir. Daha sonra çantanın içində olan əşyalar, əsasən də dərsliklər nəzərə alınır. Kitabların çap vərəqlərinin qalınlığı və çəkisi xüsusi normativlər əsasında müəyyənləşdirilir ki, artıq yük yaranmasın. Dünya təcrübəsində bu sahədə konkret standartlar mövcuddur”.


 



 


Ekspert beynəlxalq normativlərə görə, məktəbli çantasının şagirdin bədən çəkisinin 10 faizini keçməməli olduğunu vurğulayıb:


 


“Hətta bu, maksimal hədd hesab olunur. Məsələn, çəkisi 40-45 kiloqram olan ibtidai sinif şagirdinin çantası 4-4,5 kiloqramdan artıq olmamalıdır. Bu istiqamətdə konkret normativlər müəyyənləşdirilməli, daha sonra isə həmin normativlərə nəzarət müvafiq rəsmi qurum tərəfindən həyata keçirilməlidir.

Digər vacib məqam isə dərs cədvəllərinin düzgün tərtib edilməsidir. Hazırda ölkədə 4532 məktəb fəaliyyət göstərir. Bu məktəblər arasında ucqar kəndlərdə yerləşən, azsaylı şagird kontingenti olan təhsil müəssisələri də var, Bakıda 3000-dən çox şagirdi olan məktəblər də. Belə fərqli şəraitdə fəaliyyət göstərən bütün məktəblərin dərs proqramına və dərs cədvəllərinə nazirliyin birbaşa nəzarət etməsi mümkün deyil. Qanunvericiliyə əsasən, bu səlahiyyət hər bir məktəbin Pedaqoji Şurasına məxsusdur. Bu baxımdan, dərs cədvəlləri tərtib edilərkən bir gün ərzində şagirdin həddindən artıq yüklənməsinə səbəb olacaq dərslərin eyni günə salınmaması da nəzərə alınmalıdır. Bu, çox vacib və diqqətdən kənarda qalmamalı olan məqamlardandır”.


 


E.Nuri qeyd edib ki, bundan əlavə, məktəb daxilində də müəyyən tədbirlər görmək mümkündür:


 


“Məsələn, təhlükəsizlik və etibarlılıq təmin olunmaqla bəzi dərsliklərin məktəbdə saxlanılması təşkil edilə bilər. Çünki məktəb çantasının ağırlaşmasının əsas səbəblərindən biri məhz dərsliklərin çoxluğu ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, elə məsələlər var ki, onların hamısını birbaşa Elm və Təhsil Nazirliyindən tələb etmək doğru deyil. Mən bu fikirlə razıyam ki, bu, hamımızın üzərinə düşən məsuliyyətdir. Yalnız birgə düşünərək və əməkdaşlıq edərək bu problemlərin həllinə nail olmaq mümkündür”.


 


Fidan Hacızadə

Sfera.az