Son günlər tanınmış “TikTok” fenomenləri, xarici kontent yaradıcıları botoks və dolğu prosedurlarının mümkün fəsadları ilə bağlı açıq müzakirələr aparırlar. Sosial şəbəkələrdə yayılan iddialar estetik müdaxilələrə maraq göstərən minlərlə insan arasında ciddi narahatlıq yaradıb. Xüsusilə dolğuların zamanla bədəndə “yayılması”, daxili orqanlara, o cümlədən böyrəklərə təsir göstərməsi, eləcə də botoksun uzunmüddətli istifadəsinin üz əzələlərdə yaratdığı dəyişikliklər geniş müzakirə mövzusuna çevrilib.




Bəzi iddialara görə, dolğu maddələri yalnız yeridildiyi sahədə qalmır, zamanla digər nahiyələrə nüfuz edə bilir. Digər istifadəçilər isə bildirir ki, dolğu tam əridikdən sonra üz dərisində sallanma, elastikliyin azalması və erkən qocalma əlamətləri yaranır. 




Botoksla da bağlı fikirlər müsbət deyil. İstifadəçilər iddia edir ki, botoksdan istifadə edən şəxslərdə mimikanın zəifləməsi, əzələlərin “tənbəlləşməsi” və bu prosedura psixoloji asılılıq kimi əlamətlər yaranır.




İddialarla bağlı kosmetoloq Çinarə Kərimova Sfera.az-a açıqlama verib. Onun fikrincə, dolğunun böyrəklərə təsir etməsi, əriyərək bədənin digər nahiyələrinə yayılması mümkün deyil:




“Çünki dolğu preparatları böyük həcmdə bədənə yeridilən maddələr deyil. Onların tərkibi əsasən hialuron turşusu və natrium xlorid məhlulundan ibarət olur və bu maddələr orqanizm tərəfindən zamanla parçalanaraq sorulur. Ən pis ehtimalda, əgər dolğunun tərkibində müəyyən miqdarda süni komponent olarsa, dolğu tam əridikdən sonra həmin süni qatın tam sorulmaması və toxumada qalması mümkündür. Lakin bu da onun bədənin digər orqanlarına, xüsusilə də böyrəklərə yayılması anlamına gəlmir”.


 





Kosmetoloqun sözlərinə görə, dolğunun “yayılması” dedikdə, onun bədənin başqa hissələrinə deyil, üzün digər nahiyələrinə hərəkət etməsi nəzərdə tutulur:




“Bu hal isə əsasən dolğunun yanlış texnika ilə, anatomik qaydalara uyğun olmayan şəkildə yeridilməsi zamanı baş verir. Məhz buna görə də xanımlar bu proseduru mütləq üzün əzələ quruluşunu və anatomiyasını dərindən bilən, təcrübəli və savadlı həkimə etdirməlidirlər. Düzgün icra olunduğu halda bu tip problemlərin yaranma ehtimalı minimuma enir.

Ağırlaşmalar, üzə dərisinin sallanması isə dolğu prosedurlarından daha çox botoks tətbiqlərində müşahidə oluna bilər. Botoksla bağlı ən tez-tez rast gəlinən ağırlaşmalardan biri ptozdur (göz qapağının sallanması). Daha yüngül və arzuolunan hallarda isə botoksun üzdə təsir göstərməməsi, yaxud gözləniləndən daha tez müddətdə təsirini itirərək sorulması baş verə bilər. Ptoz nadir hallarda müşahidə edilsə də, əksər hallarda bu problem botoksun üz əzələlərinə düzgün dərinlikdə və doğru nöqtələrə tətbiq edilməməsi ilə əlaqədar olur. Yəni ağırlaşmaların əsas səbəbi preparatdan çox, tətbiq texnikası və həkimin peşəkarlığı ilə bağlıdır”.




Bəsti Rəfizadə

Sfera.az