Qərb ölkələrinin Volodimir Zelenski ilə bağlı mövqeyində müəyyən ziddiyyətli yanaşmaların müşahidə olunduğu bildirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Vasili Prozorov TASS-a verdiyi müsahibədə Qərbin Zelenskiyə münasibətində dəyişiklik əlamətlərinin ortaya çıxdığını qeyd edib.




Bu kontekstdə sual yaranır: Qərb ölkələrinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətində müşahidə olunan bu “qarışıq hisslər” hansı siyasi və geosiyasi amillərlə bağlıdır və bəzi Qərb dairələrinin ondan uzaqlaşmağa çalışdığı barədə səsləndirilən fikirlər nə dərəcədə real görünür?




Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, Qərbin kollektiv şəkildə Zelenskini satacağı çoxdan məlum idi. Onun sözlərinə görə, Qərb dairələri istədiklərini aldıqdan sonra istənilən şəxsi kənara atırlar:




“Zelenski də bu rolu oynayan şəxslərdən biridir. O, artıq funksiyasını yerinə yetirdi. Çünki artıq Avropa ölkələri istədiklərini aldılar. Onların əsas məqsədi Rusiyanı Ukrayna cəbhəsində zəiflətmək idi. Buna da dolayısı ilə nail oldular. Rusiya da böyük itkilər verdi və iqtisadiyyatı böyük zərər gördü. Müharibənin nəticələrinə baxanda, Rusiya istənilən halda bu savaşdan uduşlu çıxacaq. Amma öz daxilində də ciddi problemlər yaşadı. İstənilən halda, Avropa ölkələrinin nümunəsində bu praktika hər zaman müşahidə olunub. 2008-ci ildə Zelenski nümunəsi görmüşük. 2014-cü ildə Rusiyanın Ukraynaya ilk hücumu zamanı belə bir praktikanın şahidi olmuşuq. Avropa ölkələri qızışdırırlar, sonra isə bazarlıq edirlər. Uduzan tərəfə dəstək vermirlər. Onu sülh masasına məcburi otuzdururlar, kapitulyasiyaya bənzər sənədə imza atdırırlar. 2008-ci ildəki Cənubi Osetiya-Abxaziya olaylarını xatırlayaq. Həmin zamandan indiyə kimi 17 il keçib. Hazırda Gürcüstan həbsxanasında Saakaşvili öz cəzasını çəkir. Onun azad edilməsi üçün kollektiv Qərbin hər hansısa bir cəhdinin şahidi deyilik. 2014-cü ildə Kırım daxil, Donbasın bir hissəsi işğal olundu. Bu ərazilərin azad edilməsi üçün, 2022-ci ilə qədər kollektiv Qərbin heç bir cəhdlərinin şahidi olmadıq. Bu proses də onun davamıdır”.


 





Politoloq qeyd edib ki, Zelenskini də  Saakaşvilinin taleyi gözləyir:




“Saakaşvili necə ki, Gürcüstan həbsxanasında cəza çəkir, Zelenski həbs olunmasa belə, mühacir həyatı yaşayacaq. Ya da Ukrayna həbsxanasında öz cəzasını çəkməli olacaq. Bunun başqa bir alternativi yoxdur. Amerika istisna olmaqla, Avropanın aparıcı ölkələri müharibənin davam etməsində maraqlıdırlar. Çünki Rusiyanı tamamilə zəiflətmək fikrindədilər. Amma etiraf edək ki, kollektiv Qərbin əsas aparıcı ölkəsi ABŞ-dir. ABŞ isə müharibənin bitməsində ən maraqlı tərəfdir”.


 


Niyaz Hacıyev

Sfera.az