Avropa İttifaqının (Aİ) Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara müdaxilə cəhdlərinin narahatlıq doğurduğu bildirilir. Macarıstanın xarici işlər naziri Peter Siyarto “YouTube”da yayımlanan “Həqiqət Saatı” verilişində çıxışı zamanı Aİ liderlərinin sülhün əldə olunmasından daha çox Rusiyaya qarşı hərbi əməliyyatların davam etdirilməsində maraqlı olduğunu iddia edib.


 


Macarıstanın xarici işlər nazirinin irəli sürdüyü iddialara münasibət bildirən politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Peter Siyartonun açıqlaması Aİ daxilində mövcud olan siyasi fikir ayrılıqlarının bariz göstəricisidir. 




Onun sözlərinə görə, Siyartonun bu yanaşması müəyyən dərəcədə reallıq elementləri daşısa da, Aİ-nin ümumi siyasətini tam və obyektiv şəkildə əks etdirmir:


 


“Bəli, Aİ üzv ölkələri Ukraynaya hərbi və maliyyə yardımı göstərirlər, amma bu heç bir halda Aİ-nin sülhə deyil, münaqişənin davamına üstünlük verməsi demək deyil. Əslində bu, Ukraynanın özünü müdafiə etmək imkanlarını artırmaqla daha ədalətli danışıqlara və layiqli sülhə zəmin yaratmaq məqsədi daşıyır. Başqa szölə desək məqsəd müharibəni uzatmaq yox, Ukraynanın özünü müdafiə imkanlarını artırmaq və onu danışıqlar masasında zəif tərəfə çevrilməkdən qorumaqdır”.


 


Politoloq qeyd edib ki, Aİ-nin rəsmi mövqeyi ondan ibarətdir ki, Ukraynadakı münaqişə beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında, diplomatik yollarla həll olunmalıdır:




“Burada Ukraynanın Avropa İttifaqı üçün daşıdığı strateji əhəmiyyət də həlledici rol oynayır. Ukrayna Aİ-nin birbaşa şərq sərhədlərində yerləşən, böyük əraziyə, əhali və resurs potensialına malik dövlətdir. Bu ölkədə uzunmüddətli qeyri-sabitlik və ya Rusiyanın hərbi-siyasi təsirinin artması Aİ üçün birbaşa təhlükəsizlik riski kimi qiymətləndirilir. Məhz bu səbəbdən Brüssel Ukraynanın təhlükəsizliyinə yalnız regional problem kimi deyil, Avropa İttifaqının ümumi təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi yanaşır”.


 



Müsahibimiz bildirib ki, Aİ-nin Ukraynanı dəstəkləməsi həm də daha geniş geosiyasi kontekstdə başa düşülməlidir:




“Söhbət yalnız Ukraynanın müdafiəsindən deyil, Avropada sərhədlərin güc yolu ilə dəyişdirilməsinin presedentə çevrilməsinin qarşısını almaqdan gedir. Bu baxımdan Aİ üçün Ukraynada baş verənlər onun gələcək təhlükəsizlik modeli və beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır.

Odur ki, Peter Siyartonun fikirləri Aİ daxilində mövcud narazılıqları və alternativ baxışları əks etdirir, lakin Avropa İttifaqının yalnız müharibənin davamında maraqlı olduğu iddiasını tam əsaslandırmır. Aİ eyni vaxtda həm hərbi dəstək göstərən, həm də diplomatik həll yollarını açıq saxlayan balanslı siyasət yürüdür. Bu siyasətin mərkəzində isə Ukraynanın təhlükəsizliyi ilə Aİ-nin öz təhlükəsizliyi arasında qurulan birbaşa əlaqə dayanır”.


 


Niyaz Hacıyev

Sfera.az