Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Ümumilikdə isə cari il ərzində göstəricilər proqnozların altında qalıb.
İl üzrə əsas gözlənti qiymətin 70 dollar səviyyəsində olması idi, lakin bu hədəf reallaşmadı.
Bəs gələn il üçün vəziyyət necə proqnozlaşdırılır? Yeni ildə də qiymət üçün 70 dollar səviyyəsində gözlənti formalaşacaqmı? Bu gözləntilərin özünü doğrultması mümkündürmü?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub:
"Nəzərə alsaq ki, bütövlüküdə neft bazarında volatillik mövcuddur, burada əsas diqqət ayrı-ayrı günlərdəki qiymət dəyişmələrinə deyil, il üzrə orta qiymət göstəricisinə yetirilməlidir. Təbii ki, 2026-cı il üçün dünya bazarında neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Əksər proqnozlara görə, neftin bir barelinin qiymətinin 60 dollar ətrafında dəyişəcəyini göstərir. Məlum olduğu kimi, “Azəri Light” markalı neftin qiyməti brend markalı digər neft növləri ilə müqayisədə nisbətən yüksəkdir və dövlət büdcəsində də məhz bu markanın qiyməti əsas götürülüb. Bununla yanaşı, dünya bazarında neftin qiymətinə yalnız iqtisadi amillər deyil, eyni zamanda siyasi faktorlar da ciddi təsir göstərir. Bu isə birbaşa olaraq neftin qiymətində dəyişkənliyə və volatilliyin artmasına səbəb olur”.
Deputat Azərbaycan neft ölkəsi olduğuna görə, dünya bazarında neftin, ümumilikdə isə enerji resurslarının qiyməti ölkəyə daxil olan valyuta axını baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib:
“Neftin dünya bazarındakı qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Bu baxımdan, Azərbaycan üçün optimal qiymət daha məqbul hesab olunur. Çünki optimal qiymət bir tərəfdən neft bazarında sabitliyin təmin olunmasına xidmət edir, digər tərəfdən isə ölkəyə daxil olan valyutanın həcmini artırır. Praktikada neft ölkələri üçün stabil qiymət brend markalı neft üzrə təxminən 70 dollar ətrafındadır. Neftin bir barelinin 70-80 dollar intervalında dəyişməsi neft ölkələri üçün optimal qiymət kimi xarakterizə olunur. Lakin hazırda qiymət 70 dollardan aşağı 60 dollardır. Bununla belə, nəzərə almaq lazımdır ki, ÜDM artımında qeyri-neft sektorunun payı daha həlledicidir və bu sektor iqtisadiyyatın əsas drayverinə çevrilib. Bu baxımdan, neftin dünya bazarındakı qiymətinin müəyyən səviyyədən aşağı olması neft sektorundan daxilolmaları azaltsa da, qeyri-neft sektorunun artımı hesabına ümumi iqtisadi artımın qorunub saxlanılması mümkündür”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert İlham Şaban isə neftin qiymətinin 60 dollardan aşağı düşməsinin hələlik fraqmental xarakter daşıdığını deyib. Onun sözlərinə görə, bunun uzunmüddətli dövrdə davam edib-etməyəcəyini dəqiq demək mümkün deyil:
"Hazırda isə dördüncü rübün əvvəlindən etibarən neft 60-65 dollar dəhlizində ticarət olunur. Cari il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri neftin orta ixrac qiymətinin 70 dollar səviyyəsində olacağı proqnozu əsasında hesablanıb. Büdcə zərfinin gələn il üçün müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, 9 ayın yekunlarına görə neftin orta qiyməti 72 dollar təşkil edib. Bu baxımdan, dördüncü rübdə neftin qiymətinin 70 dollar ətrafında olması və ya bir qədər aşağı düşməsi mümkündür. Lakin büdcə göstəriciləri və Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar onu deməyə əsas verir ki, hökumət cari il üçün üzərinə düşən vəzifələri yerinə yetirməkdə ciddi problemlə üzləşməyəcək”.
Fidan Hacızadə
Sfera.az