Bakının mərkəzində aparılan sosial eksperiment cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, Biznes TV tərəfindən hazırlanan süjetdə kanalın bir əməkdaşı dilənçi kimi geyindirilib, qrim olunaraq küçəyə çıxarılıb və real vəziyyət müşahidə edilib.
Eksperiment Sahil metrosunun qarşısında aparılıb. Qısa müddətdə insanların reaksiyası və verilən ianələr qeydə alınıb. Cəmi yarım saat ərzində “dilənən” əməkdaş 20 manat pul toplaya bilib. Sadə hesablamaya görə, bu, saatda 40 manat deməkdir.
Əgər bu “iş rejimi” gündə 8 saat davam etsə, günlük qazanc 320 manat edir. Ay ərzində (təxminən 26 iş günü nəzərə alınarsa) bu məbləğ 8–10 min manata qədər yüksəlir. Bu isə bir çox rəsmi peşələrin aylıq maaşından dəfələrlə çoxdur.
Süjetdə qeyd olunur ki, eksperiment heç bir xüsusi çağırış, aqressiv davranış və ya israr olmadan aparılıb. Yəni sadəcə sakit dilənmək kifayət edib ki, qısa müddətdə ciddi məbləğ toplansın.
Mövzu cəmiyyətdə ikili reaksiya doğurub. Bir qisim insanlar bunun real vəziyyəti əks etdirdiyini, dilənçiliyin artıq peşə və gəlir mənbəyinə çevrildiyini düşünür. Digər tərəf isə bildirir ki, hər dilənçinin qazancı bu qədər deyil və eksperiment ümumi mənzərəni tam əks etdirməyə bilər.
Firuzə Əliyeva
Sfera.az